Xatirə yazmaq qədər çətin bir iş yoxmuş dünyada. O qədər siyasətdən yazmışam ki, indi xatirə yazmaq olduqca çətin gəlir mənə. Sən demə, çətini bir misra yazanacandır. Sonrası xatirələr özü muncuqa düzülə-düzülə gəlir...
Həyatda elə insanlar var ki, onlar haqqında yazı yazmaq üçün saatlarla, günlərlə, hətta deyərdim aylarla düşünmək, misra tapıb kağıza köçürmək lazım gəlir. Eləsi də var ki, yüz il ömür sürür, həyatda bir iz qoyub getmək bir yana, öləndən sonra heç "rəhmətlik" sözünü belə qazanmaq ona nəsib olmur bu həyatda.
Elə insanlar da var ki, onlar haqqında dünəndən yazmaq olmur axı. Elə Murad İsmayılzadə kimi. Bu gün onun ölümündən iki il ötür. Bu iki il bizim üçün o qədər tez gəlib keçdi ki. Heç kim inanmır ki, artıq onu iki ildir itirmişik. Onun haqqında da bir gün keçmiş kimi yazacağımı bilmirdim. Bilmirdim ki, daima "SƏS" qəzetinin yazı otağında həmişə dünya futbolunu qızğın müzakirə edib dünya ulduzlarını "sıraya" düzdüyümüz, daima səmimiyyəti və sözün əsl mənasında daxili mədəniyyəti ilə, mənəviyyatı ilə üz-üzə qalıb onunla qürur duyduğumuz gənc dostumuzu, həyatın vəfasızlığı, Əzrayılın amansızlığı əlimizdən tez alıb aparacaq.
Bilmirdik ki, bir sentyabr axşamı, qəzeti çapa hazırladığımız vaxtda, iş yoldaşlarımızın birinin telefonla "Murad daha yoxdur" kəlməsi ilə əbədi olaraq sarsılacağıq. Bilmirdik ki, sentyabrın beşi axşamı həyatının 22-ci baharını yaşayan olduqca istedadlı, dəyərli bir gənc üçün sonuncu payız olacaq bu payız axşamı. Bilməzdik ki, Murad İsmayılzadə ilə daha futboldan. siyasətdən, adi həyatdan danışmayacağıq. Bilməzdik, bilməzdik...
İnsan artıq "bilməzdim"lərə elə öyrəşib ki. Bəzən həyatda elə bir hadisə olur ki, bir andaca "bilməzdim ki" deyib köks ötürürsən. Amma sonra insan övladı yamanca öyrəşir o "bilməzdimlərə". Amma Muradın yoxluğu bu qəzetdə. saytda və TV-də çalışan hər kəsin, bütün dostlarının qəlbində həm də onun əbədi olaraq bizimlə olduğunu canlandırıb. 3 ildən çox idi ki, bizimlə birgə çalışırdı.
Murad bacarığı və işgüzarlığı ilə "Səs" kollektivinin ən seçilən əməkdaşlarından birinə çevrilmişdi. Həm də intellektual, savadlı yazıları ilə. Bakı Dövlət Universitetini bitirəndən sonra bir il müddətində hərbi xidmətə gedərək, Vətənə borcunu şərəfi, cəsarəti, qabiliyyəti sayəsində ödəmişdi. Amma jurnalist olmaq istəyi onu "SƏS"ə gətirdi yenə. Murad jurnalist kimi az fəaliyyət göstərdi. Amma yaddaşlara yaradıcı jurnalist kimi həkk olundu.
Murad daima qəlbimizdədir. Bu, sadəcə gəlişigözəl kəlmə deyil ki. Əsl həqiqətdir əzizlərim. Əgər daima onun oturub yazı yazdığı stola boylananda gözümüzə bir anlıq Muradın yaraşıqlı siması, tərbiyəli, olduqca mədəni davranışları canlanırsa, əgər onu hər zaman ürəyimizin dərinliyində qoruyub saxlamışıqsa, deməli, o, hər zaman bizimlədir. Gözəl tərbiyəsi və gülərüz siması ilə...
ALLAH RƏHMƏT ELƏSİN!
"Səs" qəzeti, SİA və "Səs" TV-nin kollektivi adından
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB