Nazirlikdə UNİCEF-in nümayəndəsi ilə görüş olub

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan üzrə nümayəndəliyinin yeni rəhbəri Andro Şilakadze ilə tanışlıq görüşü olub. Nazirlikdən bildirdilər ki, görüşdə respublikamızda uşaqların müdafiəsinin Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzində olduğunu, dövlət uşaq siyasətinin daim gücləndiyini diqqətə çatdıran əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirliyin fəaliyyət istiqamətləri, həyata keçirilən sosial proqram və islahatlar barədə məlumat verib.

Nazir "Uşaq qayğı sistemində islahatlar" üzrə birgə Tədbirlər Planının icrasında, sağlamlıq imkanları məhdud uşaqların yaşadığı sosial xidmət müəssisələrinin potensialının artırılmasında və uşaqlara sosial xidmət sisteminin təkmilləşdirilməsində, "Sosial xidmət haqqında" qanunun hazırlanmasında UNİCEF-lə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Bildirib ki, cari ilin iyununda ƏƏSMN ilə UNİCEF arasında imzalanan 2014-2015-ci illər üzrə birgə Fəaliyyət Planına uyğun olaraq, biz uşaqlarla bağlı sosial xidmətlər və sosial reabilitasiya sisteminin inkişafına yönələn bir sıra fəaliyyət istiqamətlərində birgə işlər aparacağıq. Bununla yanaşı, hazırda Azərbaycanda sosial xidmətlər sisteminin təkmilləşdirilməsi üzrə yeni strategiyanın hazırlanması nazirliyin gündəliyində duran məsələlərdən biridir. Bu strategiyanın hazırlanmasında UNİCEF tərəfindən texniki və ekspertiza dəstəyinin göstərilməsi, eləcə də sosial xidmətlərin monitorinqi və qiymətləndirilməsi sisteminin dəstəklənməsi yeni əməkdaşlıq istiqamətləri ola bilər.

S.Müslümov eyni zamanda əlilliyi olan şəxslərlə bağlı milli qanunvericiliyin BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasına uyğunlaşdırılması ilə bağlı aparılan birgə işlərin də uğurla davam etdirilməsinin qarşıda duran vəzifələrdən olduğunu bildirib.

A.Şilakadze Azərbaycanda dövlət uşaq siyasətinin inkişafının UNİCEF-in ölkəmizlə əməkdaşlığında vacib stimul olduğunu diqqətə çatdırıb, ƏƏSMN və UNİCEF arasında birgə görülən işlərin əhatə dairəsinin getdikcə genişlənməsini uğurlu əməkdaşlıq nümunəsi kimi dəyərləndirib. O, ölkəmizdə uşaq müdafiə sisteminin təkmilləşməsində , müvafiq kateqoriyalardan olan uşaqların sosial reabilitasiyası sisteminin institusional və texniki baxımdan dəstəklənməsində UNİCEF tərəfindən bundan sonra da müvafiq səylərin göstəriləcəyini bildirib.

Görüşdə gələcək əməkdaşlıq istiqamətləri, habelə uşaqlar üçün sosial xidmətlər və sosial reabilitasiya sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında formalaşdırılması sahəsində görüləcək işlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə