Ombudsman Elmira Süleymanova Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) ilə insan hüquqları üzrə maarifləndirmə sahəsində də sıx əməkdaşlıq əlaqələri yaradıb. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, müvəkkil və Ombudsman Aparatının məsul əməkdaşları nazirliyin dəvəti ilə müvafiq ixtisasartırma kursları və treninqlərdə dinləyicilərlə mütəmadi görüşür, insan hüquq və azadlıqları üzrə silsilə mühazirələr oxuyurlar.
Bu əməkdaşlığın məntiqi davamı olaraq, Müvəkkil Aparatının Elmi-analitik sektorunun müdiri Mahir Məmmədov DİN-in Baş Mühafizə İdarəsində təşkil edilmiş polis zabitlərinin maarifləndirmə kursunda "İnsan hüquq və azadlıqlarının təminində polisin vəzifələri" mövzusunda mühazirə ilə çıxış edib. O, respublikamızın son illərdə insan hüquqlarının inkişafı sahəsində keçdiyi yol, insan hüquq və azadlıqlarının daha etibarlı və səmərəli təmin edilməsində Azərbaycan Respublikası Konstitusiyasının əhəmiyyəti, insan hüquqlarının təmin edilməsi üzrə həyata keçirilmiş davamlı islahatlar və mühüm tədbirlər, habelə Ombudsman təsisatının yaradılması zərurəti və təşəkkülü tarixi, Müvəkkilin mandatı, səlahiyyətləri, vətəndaşların pozulmuş hüquqlarının bərpası istiqamətində həyata keçirilən fəaliyyət barədə geniş məlumat verib.
Qeyd edilib ki, müstəqil Azərbaycanın dövlətçiliyinin daha da möhkəmləndirilməsi naminə aparılan ardıcıl və davamlı inkişaf siyasəti respublikamızın iqtisadi inkişafını, qüdrətlənməsini, beynəlxalq aləmdə nüfuzunun daha da artmasını şərtləndirib.
Eyni zamanda Ombudsman təsisatının DİN-nin Polis Akademiyası ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğu diqqətə çatdırılmışdır. Müvəkkilin təşəbbüsü ilə sözügedən Akademiyada, həmçinin paytaxtda və regionlarda polis əməkdaşları üçün bir çox maarifləndirici tədbirin təşkil edildiyi, insan hüquqları sahəsində qarşılıqlı əlaqələrin bundan sonra da davamlı olacağı bildirilmişdir.
M. Məmmədov Konstitusiyamızda təsbit olunmuş insan hüquq və azadlıqlarının təminində polisin rolu, əsas funksiyaları və vəzifələrindən ətraflı bəhs etmişdir.
Ölkəmizdə uğurla tətbiq olunan İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Proqramının həyata keçirilməsi ilə bağlı Ombudsmanın fəaliyyəti, bu Proqramın icrası vəziyyəti diqqətə çatdırılıb. Həmin Proqramın insan hüquqlarının müdafiəsi və təmini sahəsində model sənəd kimi qiymətləndirildiyi vurğulanıb.
Qeyd olunmuşdur ki, işgəncələr əleyhinə Milli Preventiv Mexanizmin funksiyalarının icrası məqsədi ilə Müvəkkil və Aparatın əməkdaşları müntəzəm başçəkmələr həyata keçirirlər. Azadlıqdan məhrumetmə və məhdudlaşdırma yerlərində, o cümlədən penitensiar müəssisələrdə, müvəqqəti saxlama təcridxanalarında, habelə sosial obyektlərdə, pansionatlarda, ahıllar və əlillər üçün internat evlərində, psixiatriya xəstəxanalarında mütəmadi olaraq monitorinqlərin aparıldığı vurğulanıb
Eyni zamanda Müvəkkilin mandatına uyğun olaraq, insan hüquqları sahəsində mövcud qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı ölkə Parlamenti, Konstitusiya Məhkəməsi ilə sıx əməkdaşlıq əlaqələrinin yaradıldığı bildirilib, Ombudsmanın sözügedən qurumlara ünvanladığı təklif və sorğularla bağlı dinləyicilərə verilmiş məlumat böyük maraq doğurub.
Ombudsman Aparatının sektor müdiri dinləyicilərin suallarını cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB