Direktor müavini: "Həmin dövlətlər Azərbaycanın müstəqilliyini qəbul edə bilmir"
"İstər Rusiya, istər Fransa, istərsə də İran Azərbaycan haqqında bu cür təxribat xarakterli addımlar atmağa adət ediblər. Ona görə də bu kimi xəbərlərə vaxt sərf etməyin. Çünki həmin dövlətlər Azərbaycanın müstəqilliyini qəbul edə bilmirlər". Bu fikirləri SİA-ya açıqlamasında A. Bakıxanov adına Tarix İnstitutunun direktor müavini Cəbi Bəhrəmov İran tarixçisi Məhəmməd Alanın (Mohammad Ala) Azərbaycanı "tarixi saxtalaşdırmaqda" ittiham edən "Saxta tarix: Azərbaycan" adlı sənədli filminə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, İrəvanın tarixi ilə bağlı bir çox faktlar Tarix İnstitutu tərəfindən araşdırılaraq ölkə başçısı İlham Əliyevə təqdim olunub: "Prezidentin iyulun əvvəllərində diplomatlarla görüşündə Ermənistanın işğal etdiyi ərazilərin, məhz Azərbaycanın əzəli torpaqları olduğunu səsləndirməsi görünür, onları qıcıqlandırıb və bu kimi addımlar atırlar. Bütün bu kimi təxribatlara qarşı Tarix İnstitutu hər zaman tarixi həqiqətlərə dayanan sənədlərlə çıxış edir. İnstitutun araşdırmalarında İrəvan dövlətinin necə ələ keçirilməsi sənədlər əsasında sübuta yetirilib. Eyni zamanda İrəvanın tarixi ilə bağlı çoxcildli kitablar nəşr edilib".
Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov isə deyib ki, bu cür hallar müsbət qarşılanmır: "Həqiqətən də filmdə yalan informasiyalar yer alıbsa, o zaman bu cür yanaşma düzgün deyil".
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətoğlu isə deyib ki, bununla bağlı Nazirlik tərəfindən araşdırma aparılacaq: "İnformasiyanın doğruluğu təsdiq olunarsa, aidiyyəti qurumlar tərəfindən lazımı addım atılacaq".
Qeyd edək ki, İran tarixçisi, dünyanın bir çox ölkələrinin universitetlərində dərs deyən Məhəmməd Ala (Mohammad Ala) Azərbaycanı "tarixi saxtalaşdırmaqda" ittiham edən "Saxta tarix: Azərbaycan" adlı sənədli film çəkib. iranian.com portalında yerləşdirilən 27 dəqiqəlik filmdə tarixdə "Azərbaycan" adlı dövlətin olmadığı, Azərbaycanın indiki ərazilərinin "qədim İran və erməni torpaqlarından ibarət olduğu" barədə iddialar yer alır. İngilis dilində təqdim edilən filmdə Britaniya Kolumbiya Universitetinin professoru Kaveh Fərruxun, Londonda tarixi xəritələr üzrə tədqiqatçı, erməni professor Ruben Qaliçyanın, Tehrandakı "Neyşabur" fondunun rəhbəri Firidun Coneydinin və digərlərinin fikirlərinə yer verilir. Filmdə Azərbaycan prezidenti İlham Əliyevin İrəvanın qədim Azərbaycan torpaqları olduğu, indiki Ermənistan dövlətinin tarixi Azərbaycan torpaqlarında yaradıldığı barədəki çıxışları üzərində də dayanılır, bu tarixi faktların əksi sübut edilməyə çalışılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB