Eldar Sultanov: "Baş Prokurorluq Milli Məclisdə qanunvericilik təşəbbüsü ilə çıxış edəcək" Münasibət
"Azərbaycan dövlətinin KİV-ə, azad söz və mətbuata göstərdiyi hərtərəfli diqqət və qayğının fonunda çaşdırıcı məlumatların yayımlanması halları qəti yolverilməzdir. Ona görə də informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu cür halların qarşısını almaq və həmin əməlləri törətmiş şəxslərin məsuliyyət məsələsini müəyyən etmək üçün qüvvədə olan qanunvericiliyə müvafiq əlavə və dəyişikliklərin edilməsinə ciddi zərurət yaranıb". Bunu SİA-ya açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.
Onun sözlərinə görə, açıqlanması qanunla qadağan edilən məlumatları ictimailəşdirməklə kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət nəzərdə tutulub: "Lakin bu qanunazidd əməllərin dövlətimizin suverenliyi, ərazi bütövlüyü, dövlət təhlükəsizliyi, müdafiə qüdrətinin əsaslarına vura biləcəyi zərərlə müqayisədə həmin normanın sanksiyasında nəzərdə tutulan inzibati tənbehin təsir mexanizmi faktiki olaraq yox dərəcəsindədir. Ona görə də bu qanunazidd əməllər kriminallaşdırılmaqla, Cinayət Məcəlləsində də qeyd edilən əməlləri törətməyə görə cinayət məsuliyyəti nəzərdə tutan norma müəyyən edilməlidir. Lakin bu cür əməllərin kriminallaşdırılması obyektiv amillərə söykəndiyindən, yəni Ermənistan kimi təcavüzkar bir dövlətlə faktiki müharibə şəraitində olduğumuzdan heç bir halda fikir, söz, mətbuat və məlumat azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir".
E. Sultanov bildirib ki, Baş Prokurorluq bununla bağlı Milli Məclis qarşısında qanunvericilik təşəbbüsü ilə çıxış edəcək: "Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı Baş Prokurorluq tərəfindən müvafiq qanun layihəsi hazırlanır və həmin sənəd yaxın vaxtlarda qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə təqdim ediləcəkdir. Hesab edirik ki, hərbi sahədə dövlət sirrinə aid edilən məlumatların qüvvədə olan siyahısına yenidən baxılaraq həmin siyahının günün reallıqları nəzərə alınmaqla daha da genişləndirilməsi, istifadə olunan bəzi anlayışların mahiyyətinin dəqiqləşdirilməsi və dövlət sirri təşkil edən siyahılar və məlumatların izahı ilə bağlı kütləvi informasiya vasitələrinin nümayəndələri və əhali arasında mütəmadi olaraq maarifləndirici profilaktik tədbirlərin həyata keçirilməsi məqsədəmüvafiq olardı".
O həmçinin əlavə edib ki, ölkədə dövlət sirrinə aid edilən məlumatların yayılmasının qarşısının alınması və informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə mövcud qanunvericiliyə əlavə və dəyişikliklər edilməsi ilə bağlı Baş Prokurorluq tərəfindən qanun layihəsi hazırlanır. Həmin sənəd yaxın vaxtlarda qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə təqdim ediləcək: "Azərbaycanda dövlət sirrinin qorunması ilə bağlı münasibətlər "Dövlət sirri haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Məlumat azadlığı haqqında" qanunlar və digər normativ hüquqi aktlarla tənzimlənir".
E. Sultanov qeyd edib ki, "Kütləvi informasiya vasitələri haqqında" qanunda qanunvericiliklə qorunan sirlərin yayılmasının və bu sahədə kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyinin təsbit olunmasına baxmayaraq, son vaxtlar cəbhə bölgələrində erməni təxribat qruplarının pozuculuq fəaliyyətinin intensivləşdiyi bir vaxtda Azərbaycanın və xarici ölkələrin kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Azərbaycan Ordusu və ölkənin hərbi təhlükəsizliyinə aid edilən məlumatların yayılması hallarına tez-tez rast gəlinir ki, bu da cəmiyyət və insanlar arasında ciddi çaşqınlıq və narahatlıq yaradır.
Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bu məsələlərə avqustun 29-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsində də toxunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB