Azərbaycan tolerantlıq məkanıdır

Yəhudi Xəbərlər Agentliyi Bakıda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə mübadilə görüşünə həsr olunmuş məqalə dərc edib

Yəhudi Xəbərlər Agentliyi (YXA) Bakıda "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşünə həsr olunmuş "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" adlı məqalə dərc edib.

Materialda bildirilir ki, forumda Azərbaycanın yəhidi icmalarını Bakıdakı dağ yəhudiləri dini icmasının idarə heyətinin sədri Milix Yevdayev, dünya XABAD hərəkatının elçisi rav Şneur Seqal, habelə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində respublika yəhudilərinin nümayəndəsi, yəhudi tarixçi Moşe Bekker təmsil edirdi.

Məqalədə deyilir: "Azərbaycan Prezidenti İlham Əliyev görüş iştirakçılarına təbrik müraciəti göndərib. Dövlət başçısı öz müraciətində vurğulayıb ki, mədəniyyətlərarası forumun müxtəlif dinlərə və etiqadlara mənsub olan insanların əsrlər boyu qarşılıqlı anlaşma şəraitində yaşadığı Bakı şəhərində keçirilməsi rəmzi xarakter daşıyır. Prezident İlham Əliyevin müraciətində Bakı forumunun iştirakçıları tərəfindən müzakirə edilən məsələlərin taleyüklü rol oynaması da qeyd edilib.

Dövlət başçısı xüsusi qeyd edib ki, tarixən Avropada müxtəlif dinlər xalqların mənəvi zənginləşməsinə əhəmiyyətli təsir göstərmişdir. Bu mənəvi zənginləşmə cəmiyyətin bütün təbəqələrinə sirayət edərək, əslində, onun bütövlüyünün vacib şərtlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyevin müraciətində deyilir: "Təhsildə, mədəniyyətdə və gənc nəslin tərbiyəsi ilə bağlı digər sahələrdə yüksək dözümlülük mühitinin formalaşdırılması da hazırkı dövrün başlıca vəzifələrindəndir. Azərbaycanda bu istiqamətdə konkret addımlar atılmaqdadır".

Milix Yevdayev Yəhudi Xəbərlər Agentliyinə müsahibəsində vurğulayıb: "Azərbaycan yəhudiləri möhtərəm Prezidentimiz İlham Əliyevin 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşünün iştirakçılarına müraciətində vurğulanan ideyalara şərikdirlər və onları dəstəkləyirlər.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, sürətlə qloballaşan dünyada mövcud siyasi, iqtisadi və mədəni proseslər hər bir ölkədən zamanın təxirəsalınmaz çağırışlarına adekvat cavab verməyi tələb edir.

Bu isə dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsi, yeni kreativ təfəkkürün və innovativ mühitin bərqərar olunması, eləcə də insanın dini əqidəsinə hörmətlə yanaşılması, irqçiliyin və dözümsüzlüyün hər hansı təzahürünün ləğvi ilə mümkündür".

Milix Yevdayev YXA-ya müsahibəsində qeyd edib ki, Azərbaycan tolerantlıq məkanı kimi məşhurdur. Respublikanın dini müxtəliflik modeli dünyada ən uğurlu modellərdən biridir və Bakı mədəniyyətlərarası dialoqu çərçivəsində qazanılmış müsbət təcrübənin təbliğ edilməsi Avropa Şurasına daxil olan başqa ölkələr üçün də aşkar maraq doğurur.

Məqalənin tam mətni ilə bu linkdə tanış ola bilərsiniz: http://aen.ru/?page=brief&article_id=71537.

Bütün xəbərlər Facebook səhifəmizdə