Lənkəranda müəllimlərin sentyabr konfransi keçirildi FOTOLAR

Lənkəranda müəllimlərin sentyabr konfransi keçirildi FOTOLAR

Sentyabrın 3-də Heydər Əliyev Mərkəzində müəllimlərin ənənəvi sentyabr konfransı keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, əvvəlcə konfrans iştirakçıları Heydər Əliyev Xatirə parkına gələrək Ulu Öndərin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar.

Konfransı giriş sözü ilə Lənkəran şəhər Təhsil şöbəsinin müdiri Şəhanə Əhmədova açıb. O, "2013-2014-cü tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr" mövzusunda məruzə edib. Təhsil rəsmisi təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülmüş işlərdən danışaraq qeyd edib ki, zəngin maddi-texniki baza olmadan gənc nəslin təlim-tərbiyəsində uğurlar qazanmaq mümkün deyil. Bu reallıq nəzərə alınaraq son illər həmin istiqamətdə misli-bərabəri olmayan işlər görülüb. Son 10 ildə Lənkəranda 29 məktəb binası, 4 məktəb üçün əlavə korpus, 1 bağça tikilmiş, şəhər 3,4,5 nömrəli tam orta məktəbləri, şəhər 17 nömrəli uşaq bağçası, O.Mirzəyev adına şəhər qarışıq tipli uşaq evi ən yüksək standartlar səviyyəsində təmir edilərək istifadəyə verilib. Təkcə bu il T.Bayraməlibəyov adına şəhər 2 nömrəli tam orta məktəbinin 640 yerlik binası əsaslı təmir olunmuş, 11 məktəb üçün – şəhər 8 nömrəli, Bəliton, Yuxarı Nüvədi, Xanbulan, Darquba, Separadi, Tükəvilə kənd tam orta, Daşdalığjar, Tütəpeştə, Qurumba və Şağlaser kənd ümumi orta məktəbləri üçün binalar tikilərək yeni dərs ili ərəfəsində istifadəyə veriləcəkdir. Həmin təhsil müəssisələri müasir inventar və avadanlıqlarla, kompüter texnologiyaları ilə təmin olunub.

Məruzəçi bu il ali məktəblərə növbəti qəbul imtahanlarının nəticələri haqqında məlumat verərək bildirib ki, keçən tədris ilində məktəblərimizi bitirən 1699 nəfər məzundan 900 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənədlərini SQK-lara təqdim etmiş, onlardan 473 nəfəri ali məktəblərə qəbul olunub ki, bu da keçən ilki nəticədən 13 nəfər çoxdur. Qəbul olunanlardan 52 nəfəri 500-dən yuxarı, 33 nəfəri 600-dən yuxarı bal toplayıb. Şəhər 7 nömrəli tam orta məktəbinin məzunu Oruc Xəlilov ən yüksək nəticə göstərərək 687 balla Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub.

Daha sonra bu il 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan 33 nəfər məzuna qiymətli hədiyyələr təqdim edilib.

Məruzə ətrafında müzakirələrdə şəhər 10 nömrəli tam orta məktəbin müəllimi İlhamə Babayeva, 677 balla Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olan şəhər 4 nömrəli tam orta məktəbin məzunu Nadir Ağazadə, şəhər 8 nömrəli tam orta məktəbin direktoru Aslan İbrahimov və valideynlər adından Şəmsəddin Xəlilov çıxış edibər.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçisi Əlhiyyəd Adıgözəlov çıxış edərək yeni dərs ilində qarşıda duran vəzifələrdən danışıb.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov yeni dərs ilinin başlanması – Bilik günü münasibətilə bütün təhsil işçilərini təbrik edib, yeni tədris ilində onlara uğurlar arzulayıb.

Son 10 ildə ölkəmizdə qazanılan uğurlardan, Azərbaycanın beynəlxalq nüfuzunun gündən-günə artmasından söz açan İcra başçısı daha sonra milli təhsilimizin formalaşdırılması istiqamətində son illərdə həyata keçirilən islahatlardan və sturktur dəyişikliklərindən danışıb. Məktəblərimizin maddi-texniki bazasının ildən-ilə möhkəmləndirilməsindən bəhs edən Taleh Qaraşov Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb!" layihəsinin uğurla icra edilməsindən, son iki ildə Lənkəranın ictimai-siyasi həyatında baş verən dəyişikliklərdən, o cümlədən yeni məktəblərin tikintisinin geniş vüsət almasından, rayonumuzun ictimai-siyasi

həyatında müəllimlərin və ziyalıların mühüm rolundan ətraflı söz açıb və təhsil işçilərinin qarşısında duran mühüm vəzifələri diqqətə çatdırıb.

Lənkəran şəhər 16 nömrəli uşaq bağçası fidanlarının ifasında şeirlərlər səslənib.

Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Müraciət ünvanlanıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə