Yaxın aylarda Azərbaycanla İran arasında mədəniyyət günləri keçiriləcək FOTOLAR

İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin yeni rəhbəri İbrahim İbrahimi media nümayəndələri ilə görüşüb

"Yaxın aylarda Azərbaycan və İran qarşılıqlı mədəniyyət günləri keçiriləcək". SİA-nın məlumatına görə, bunu İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin yeni rəhbəri İbrahim İbrahimi keçirdiyi mətbuat konfransında deyib.

O, bildirib ki, yeni vəzifəsində əsas işi iki ölkənin mədəniyyətini daha geniş təbliğ etmək olacaq: "Dünyada Azərbaycan və İran qədər mədəniyyəti və incəsənəti oxşar olan ikinci ölkə yoxdur. Hesab edirəm ki, əlaqələrimizin daha da genişlənməsində ziyalılar, ali məktəb müəllimləri, incəsənət xadimləri daha səylə çalışmalıdırlar".

İki ölkənin musiqisinin bir-birinə yaxın olduğunu deyə İbrahimi, gələcəkdə İran və Azərbaycanın milli orkestirlərinin birgə konsertlərinin təşkili üçün çalışacağını qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfərinin əhəmiyyətini vurğulayan İbrahimi deyib ki, hazırda İran və Azərbaycanın münasibətləri ən yüksək səviyyədədir"

İ.İbrahimi deyib ki, bu gün dünyada mədəniyyət diplomatiyası mühüm əhəmiyyət kəsb edir: "İran və Azərbaycan müharibə ilə üzləşmiş, torpaqları təcavüzə məruz qalmış ölkələrdir. Ona görə də birgə müharibə mövzusunda kino, serial çəkə bilərik".

Azərbaycanla İranın turizm əlaqələrinin istənilən səviyyədə olmadığını deyən İbrahimi bildirib ki, fəaliyyəti dövründə bu sahənində inkişafına nail olmaq üçün əmək sərf edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə