Yaddaşı yaxşılaşdırmağın yeni üsulu

Yaddaş pozğunluğundan heç kəs sığortalanmayıb. Buna görə də dünyanın bütün ölkələrinin alimləri yaddaşı yaxşılaşdırma mexanizmlərini axtarıb tapmağa çalışırlar. Əldə olunan məlumatlar əsasında baş beyinin işini yaxşılaşdırmaq üçün vaxtaşırı yeni tövsiyələr meydana çıxır. Son tədqiqatların nəticələrinə görə, baş beyinin maqnitlə stimulyasiyası yaddaşı yaxşılaşdıra bilər. Düzdür, bu effekt qısamüddətli olur və bir sutkadan sonra itir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Şimal-Qərb Universitetinin (ABŞ) alimləri 21-40 yaşlı könüllülərin iştirakı ilə aparılmış tədqiqatların nəticələrinə əsasən bu kəşfi ediblər. Adamlar maqnitlə müalicə seansı keçiblər. Təcrübə zamanı könüllülərə müxtəlif rəsmlər göstərilib və müəyyən söz birləşmələri deyilib. Müəyyən vaxtdan sonra həmin təsvirləri könüllülərə yenə də göstərərək eşitdikləri sözləri təkrarlamağı xahiş ediblər. Elektromaqnit stimulyasiya seansı keçmiş adamlar tapşırığın öhdəsindən daha yaxşı gəliblər. Tədqiqatın nəticələrinə görə, prosedurdan sonra baş beyinin iş göstəriciləri 20-25 faiz yaxşılaşır.

Qeyd edək ki, alimlər beyinin müxtəlif patologiyalarının müalicəsi üçün bu metoddan istifadə etməyi planlaşdırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə