Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının kollektivi, muxtar respublika Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Ali Məclisin Naxçıvanşünaslıq Mərkəzinin əməkdaşları Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində olublar. SİA azərtac-a istinadən xəbər verir ki, ziyarətçilərə 47 il bundan əvvəl fəaliyyətə başlayan Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinin görkəmli ədiblərimizin həyat və yaradıcılığının öyrənilməsi, elmi cəhətdən işlənməsi və təbliği sahəsində fəaliyyət göstərdiyi bildirilib.
Nəzərə çatdırılıb ki, böyük yazıçı, mütəfəkkir, ictimai xadim, "Molla Nəsrəddin" jurnalının yaradıcısı Cəlil Məmmədquluzadənin 100 illik yubileyinin Azərbaycanda qeyd olunduğu günlərdə – 1967-ci il iyunun 12-də Naxçıvan şəhərində Azərbaycan Ədəbiyyatı Muzeyinin açılışı olub və muzeyə Cəlil Məmmədquluzadənin adı verilib. Muzeyin fondunda çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixini əks etdirən qiymətli əlyazmalar, tətbiqi və təsviri sənət nümunələri, qədim və müasir kitablar, qəzet və jurnallar, xatirə əşyaları və digər materiallar mühafizə olunur. Ekspozisiyada Azərbaycan ədəbiyyatının klassik və müasir nümayəndələrinin həyat və yaradıcılığını əks etdirən guşələr vardır. Muzeyə gələnlər naxçıvanlı şair və yazıçıların yaradıcılıqları ilə də tanış ola bilərlər. Həmçinin muzeyin ekspozisiyasında Naxçıvan teatrının tarixinə aid sənədlər, görkəmli sənətkarların yaradıcılığını əks etdirən fotoşəkillər də nümayiş olunur.
Bildirilib ki, muzeydəki eksponatların hər biri ayrı-ayrılıqda elmi-tədqiqat mövzusudur. Azərbaycan ədəbiyyatının tədqiqatçıları burada elmi axtarışlar üçün dəyərli məlumatlar əldə edirlər. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali, orta ixtisas və ümumtəhsil məktəblərinin tələbə və şagirdlərinin iştirakı ilə muzeydə müxtəlif mövzularda açıq dərslər də keçirilir.
Qeyd edək ki, muxtar respublikada mərkəzi icra hakimiyyəti orqanları üçün "Muzey günləri" tərtib olunub. "Muzey günləri"ndə mərkəzi icra hakimiyyəti orqanlarının əməkdaşları Naxçıvan şəhərindəki muzeylərə gedir, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini, tariximizi, mədəniyyətimizi, milli dəyərlərimizi özündə əks etdirən eksponatlarla tanış olurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB