Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Unudulmaqda olan milli mənəvi dəyərlərin qorunması və təbliği" layihəsini başa çatdırıb. SİA-nın məlumatına görə, bununla bağlı keçirilən mətbuat konfransında layihənin rəhbəri, HDİM sədri İlham Əliyev keçirilən tədbirlərlə bağlı məlumat verib.
Layihə çərçivəsində Bakı, Kürdəmir, Xaçmaz və Şirvan şəhərlərində dəyimir masaların keçirildiyini deyən İ.Əliyevin sözlərinə görə, məlum oldub ki, mövzu olduqca aktualdır və bu problem insanları narahat edir: "Keçirdiyimiz görüşlərdə, tədbirlərdə müxtəlif yaş qrupundan olan insanlar iştirak etdilər. Qoyulan mövzuların müzakirəsi zamanı aydın oldu ki, insanlarımız qloballaşma şəraitində bir sıra milli mənəvi dəyərlərimizin unudulub sıradan çıxmasından narahatdılar".
"Qloballaşma müasir dünyanı tarixin heç bir mərhələsində olmayan vəziyyətə gətirib", deyən İ.Əliyevin fikrincə, tarixin heç bir dövründə informasiya bu qədər açıq, əlçatan, şəffaf, insanların ünsiyyət imkanları belə geniş olmayıb. Qloballaşma müəyyən problemlər yaradır. Problemlərdən ən mühümü milli-mənəvi dəyərlərin qorunması ilə bağlıdır: "Bu dəyərlərdən ən çox danışan toplumlardan biriyik. Milli-mənəvi dəyərlərdən ən mühümü ana dili və millətin ona münasibətidir. Millətin inkişafı onun təhsili ilə bağlıdır. Vətənşdaşın təhsili daha güclü olmalıdır. Müasir dünyada inkişafın önündə o ölkələr gedir ki, onların güclü universitetləri var. Universitetləri zəif olan ölkə və regionlar inkişafın gerisində olurlar. Dəyərlərin qorunmasında əsas vəzifələrdən biri də KİV-in üzərinə düşür. Mediada ana dilinin qaydaları, üslubu qorunmalıdır. KİV xalqın tarixi kimliyi, milli-mənəvi dəyərlərlə bağlı ciddi, ardıcıl, sistemli konseptual əsaslı təbliğat aparmalıdır. Xalqın tarixinin ən şərəfli məqamları, şəxsiyyətləri təbliğ olunmalıdır. Tarix milli mənliyin ən vacib komponentidir. Tarixindən uzaq düşmüş, onu yaxşı bilməyən istənilən xalq inkişaf edə bilməz".
Sosial Hüquqların Monitorinq Qrupunun rəhbəri Azad İsgəndərli milli dəyərlərin qorunmasında ziyalılarn üzərinə böyük vəzifə düşür: "Ziyalılar mənsub olduğu xalqın bioqrafiyasını yaradan insanlardır. Bir xalqın tərcümeyi-halında yaradıcı ziyalılarının böyük rolu var. Onlar təbliğ olunmalı, tanıdılmalıdırlar. Ziyalılar millətin inkişafında böyük rol oynayırlar. Milli dəyərlərimizin qorunmasında din xadimlərinin də rolu var. Artıq ateizm dövrü geridə qalıb. İndi ruhani kadrlar Azərbaycanda hazırlanmalıdır. Amma indi ölkədə bu kadrları hazırlayan mütəxəssis heyəti də zəifdir. Başqa sözlə, din xadimləri ictimai-siyasi həyatdan uzaq olmalıdırlar. Heç bir halda siyasi proseslərə qatılmasınlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB