"Tokio Universitetinin mütəxəssisləri ilə birgə Hacıələmxanlı neolit məskənində tədqiqatlar davam etdirilir. Tədqiqatlar zamanı məskəndən aşkar edilən üzvü qalıqların üzərində Tokio Universitetində aparılan son radiokarbon analizlər Hacıələmxanlı yaşayış məskəninin e.ə. VII minilliyin ortalarına aid olduğunu göstərib. Bununla da Hacıələmxanlı yaşayış məskənini nəinki Azərbaycanda, həmçinin Cənubi Qafqazda 9 min illik yaşı olan, yəni, neolit dövrünə aid ən qədim yaşayış yeri kimi səciyyələndirmək olar". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Tovuz arxeoloji ekspedisiyasının rəhbəri Fərhad Quliyev deyib.
Onun sözlərinə görə, qazıntı zamanı əldə edilən materiallar əsasında yürüdülən ilkin ehtimallara görə çiy kərpiclərdən inşa edilən planda dairəvi evlərdən ibarət neolit dövrünə aid erkən qəsəbələr düzənlikdə yaradılıb, daha sonralar müxtəlif səbəblərdən (ekoloji adaptasiya, təhlükəsizlik, müdafiə və d.) məskənlərin inşası təbii və süni təpələr üzərində aparılıb: "Sonunculara misal kimi, Hacıələmxanlı məskənindən təqribən 1 kilometr şərqdə yerləşmiş Göytəpə neolit məskənini göstərmək olar".
Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyasının Yaponiya tərəfindən rəhbəri Tokio universitetinin professoru, doktor Yoshihiro Nishiaki bildirib ki, Azərbaycan və Yaponiya mütəxəssislərinin 2012-ci ildən etibarən bölgədə apardığı tədqiqatlar öz uğurlu məntiqi nəticəsini verib: "Biz Cənubi Qafqazda neolit dövrünün ən qədim yaşayış məskənini aşkar etmişik. Bu böyük uğurdur!"- deyə, Y. Nishiaki qeyd edib.
Tovuz bölgəsində tədqiqatlar aparan Azərbaycan- Yaponiya beynəlxalq arxeoloji ekspedisiyasının Azərbaycan tərəfindən rəhbəri Fərhad Quliyevin bildirdiyinə görə, kəşf edilən Cənubi Qafqazın ən qədim neolit məskəni barədə beynəlxalq elm ictimaiyyətinin məlumatlandırılması planlaşdırılır. Həmçinin, aşkar edilən maddi mədəniyyət abidələrinin gələcəkdə UNESCO-nun Mədəni İrs Siyahısına daxil etmək üçün müraciət olunması da nəzərdə tutulub.
Qeyd edək ki, Göytəpə arxeoloji kompleksindən əldə edilmiş əmək alətləri və tikinti-inşaat tərübəsi ilə müqayisədə Hacıələmxanlı məskəni göstərilmiş parametrlər üzrə daha sadə və primitiv formaları nümayiş etdirir. Beləliklə, Hacıələmxanlı məskəninin tədqiqatları, geniş miqyaslı baxışda, bölgədə primitiv formadan təkmil səviyyəyədək inkişaf xəttinin mövcudluğu, yəni genetik ardıcıllıq və təkamül barədə nəticə çıxarmağa əsas verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB