Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi (HDİM) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Unudulmaqda olan milli mənəvi dəyərlərin qorunması və təbliği" layihəsi çərçivəsində son tədbirini Bakıda keçirib. Təşkilatdan daxil olan məlumata görə, "Hərbi and qəzetinin ofisində təşkil olunmuş tədbirdə "Milli dəyərlərin təbliğində gənclərin rolu" mövzusu müzakirə olunub. HDİM sədri İlham Əliyev layihə haqqında məlumat verib.
Mövzu ilə bağlı çıxış edən layihə rəhbəri bildirib ki, unudulmaqda olan milli-mənəvi dəyərlərin qorunmasında və təbliğində gənclərin rolu böyükdür: "Gənclər bizim gələcəyimizdi. Onlar ata-babalarımızdan miras qalan dəyərlərimizə sahib çıxmalı, onu gələcək nəsillərə ötürməlidirlər. Qloballaşma dövründə milli mənəvi dəyərlərimizə dəyən zərbələri hamılıqla önləməliyik. Xalqımızın milli xarakterini müəyyən edən milli mənəvi dəyərlərimiz qorunub saxlanmalıdır. Bu işdə gənclərin üzərində böyük vəzifə düşür".
Layihə rəhbəri dövlətin, Heydər Əliyev Fondunun gənclərin asudə vaxtının təşkili istiqamətində atdığı addımlardan danışıb. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin nümayəndəsi Mikayıl Həsənli bildirib ki, gənclərin mənəvi psixoloji vəziyyəti cəmiyyətin hansı durumda olduğunu göstərir: "Azərbaycan cəmiyyətində bir sıra neqativ hallara da rast gəlinir. Amma bütövlükdə gənclərin tərbiyəsi müsbət istiqamətdədir. Bizdə qonşu ölkələrdə müşahidə olunan mənfi meyllər çox azdır".
Gənclərin avanqard qüvvə olduğunu vurğulayan M. Həsənli deyib ki, milli mənəvi dəyərlərin qorunub saxlanması vacibdi və gənclər bu işdə aktiv olmalıdırlar. Son vaxtlar bəzi həmyaşıdlarının müxtəlif qeyri-ənənəvi dini təriqətlərin təsirinə düşdüyünü deyən gənclərin nümayəndəsi Cabir Məmmədov qeyd edib ki, bunun qarşısını almaq üçün gənclərlə iş aparılmalıdır: "Gənclərin sağlam tərbiyəsi, mənfi meyllərdən uzaq durmasını təbliğ edən sosial çarxlara, reklamlara ehtiyac var. Təbliğatın təsiri güclüdür. Qeyri-ənənəvi təriqətlər gəncləri öz təbliğatları ilə cəlb edirlər. Düzgün təbliğat qurulsa, mənfi meyllərə istiqamətlənən gənclərin sayı daha az olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB