YAP Nərimanov rayon təşkilatında xaricdə təhsil alan gənclərlə görüş keçirilib
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında xaricdə təhsil alan bir qrup azərbaycanlı tələbələrlə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev Azərbaycan dövlətinin təhsil sahəsinin inkişafına xüsusi diqqət yetirdiyini bildirib.
O qeyd edib ki, məqsəd gənc nəslin yüksək biliklərə yiyələnməsi, layiqli vətəndaş kimi formalaşmasından ibarətdir. Bu baxımdan rayon təşkilatının sədri azərbaycanlı gənclərin xaricdə təhsili üzrə Dövlət Proqramının əhəmiyyətini vurğulayıb: "Bu proqram çərçivəsində minlərlə gəncimiz dünyanın nüfuzlu ali məktəblərində təhsil alırlar. Onlar yüksək biliklərə yiyələnməli və dövlətimizin etimadını doğrultmalıdırlar. Təbii ki, bu fakt neft kapitalının insan kapitalına çevrilməsinin göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə xüsusi diqqət yetirir. Bu fakt onu göstərir ki, dövlətimizin başçısı hər bir vətəndaşın hüquqlarını yüksək səviyyədə qoruyur. Xaricdə təhsil alan gənclərimizin vəzifəsi yüksək biliklərə yiyələnməklə yanaşı, oxuduqları ölkələrdə Azərbaycanı geniş təbliğ etməkdən ibarət olmalıdır. Siz gənclər təhsilinizi başa vurduqdan sonra qayıdıb ölkəmizin inkişafına öz töhfələrinizi verməlisiniz".
YAP Nərimanov təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı bildirib ki, bu gün gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması, mükəmməl şəkildə təhsil alaraq, müasir tələblərə cavab verən peşəyə sahib olması və onların ölkənin tərəqqisində fəal iştirak etməsi üçün məqsədyönlü iş gedir.
Onun sözlərinə görə, dövlət hər bir addımında gəncləri müdafiə etdiyini və dəstəklədiyini nümayiş etdirir. Yusif Babanlı xaricdə təhsil alan gənclərin qazandığı uğurları yüksək qiymətləndirib. Y.Babanlı ölkəmizdə gənclər siyasətinin böyük nəticələr verdiyini bildirib.
Daha sonra xaricdə təhsil alan gənclər çıxış ediblər. Şimali Kiprin Doğu Akdeniz Universitetində təhsil alan Tofiq Hüseynov oxuduğu ölkədə Azərbaycanın təbliğinə xüsusi fikir verildiyini deyib. Azərbaycanın qüdrətli dövlət olduğunu deyən T. Hüseynov Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etdiklərini vurğulayıb: "Mən təhsil aldığım universitetdə Azərbaycan Tələbə Cəmiyyətinin sədriyəm. Təşkilatımız ölkəmizin təbliği ilə də fəal məşğul olur. Nəzərə alsaq ki, universitetdə başqa xarici ölkələrdən oxuyanlar da var, bu təbliğat işlərinin aparılması zəruridir".
İsgəndər Hüseynzadə isə Litvanın Beynəlxalq Biznes Universitetinin 3-cü kursunda təhsil aldığını bildirib. O, qeyd edib ki, təhsil aldığı müddətdə Azərbaycan diasporu ilə sıx əməkdaşlıq edib və ölkəmizlə bağlı bir sıra tədbirlərin keçirilməsində fəal iştirak edib: "Xüsusilə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barəsində biz daim öz təbliğat işimizi aparırıq".
Coşqun Dadaşov isə iki il Almaniyada oxuduğunu, hazırda isə təhsilini Dövlət Dillər Universitetində davam etdirdiyini deyib: "Almadiyada təhsil aldığı zaman ölkəmizin təbliği istiqamətində müxtəlif tədbirlərdə fəal iştirak edib. Mənim məqsədim yüksək biliklərə yiyələnərək və ölkəmizə layiqli xidmət göstərməkdən ibarətdir".
Tədbirdə həmçinin, Türkiyənin İstanbul Universitetinin tələbəsi Murad Hüseynzadə və İsveçrənin Avropa Universitetinin tələbəsi Vüsal Ağarzayev çıxış edərək xaricdə ölkəmizi layiqincə təmsil etməyə çalışdıqlarını qeyd ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB