Azərbaycanın böyük şair-dramaturqu Hüseyn Cavidin ailəsində ağır itki üz verib. SİA-nın xəbərinə görə, Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmmədin nəvəsi, AMEA Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Əbülfəz Naxçıvanlı dünyasını dəyişib.
Şair, publisist Əbülfəz Naxçıvanlı 1948-ci ildə Naxçıvanda anadan olmuşdur. 1966-cı ildə Naxçıvan şəhər 7 saylı orta məktəbini, 1972-ci ildə isə BDU-nun filologiya fakültəsini bitirmişdir. 1992-ci ildən "Maarif" nəşriyyatının redaktoru olan Ə.Naxçıvanlı çoxsaylı dərslik, dərs vəsaiti, monoqrafiya və bədii kitabları redaktə etmiş, onların ideya məzmun, dil-üslub cəhətdən qüsursuz işıq üzü görməsində əməyini əsirgəməmişdir. 1965-ci ildən ölkə mətbuatında müntəzəm çıxış edən Ə.Naxçıvanlı 400-dən çox publisistik məqalənin, şeirləri və poemalarından ibarət 11 kitabın, eləcə də 2 monoqrafiyanın müəllifidir.
AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı və muzeyin əməkdaşları Ə.Naxçıvanlının vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüzunlə başsağlığı verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB