Erməni təcavüzü ilə bağlı dəyirmi masa keçirilib

Erməni təcavüzü ilə bağlı dəyirmi masa keçirilib

Bu gün Ermənistanın Silahlı Təcavüzü Nəticəsində Azərbaycan Respublikasının Məruz Qaldığı İtki və Tələfatların Qiymətləndirilməsi üzrə İşçi Qrupunun təşəbbüsü və təşkilatçılığı ilə "Təqsirkarlardan təzminatların tələb edilməsi özü də bir iqtisadi sanksiyadır" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, tədbir azərbaycanlılara qarşı kütləvi qırğını və onların əmlakının talan edilməsini araşdıran Fövqəladə Təhqiqat Komissiyasının 96-cı ildönümünə həsr olunub. Tədbirdə millət vəkilləri, Azərbaycandakı diplomatik korpusun nümayəndələri, QHT təmsilçiləri iştirak ediblər.

Dəyirmi Masada çıxış edən İşçi Qrupunun rəhbəri Xanhüseyn Kazımlı bildirib ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar haqqında Fövqəladə Hallar Komissiyası tərəfindən toplanan və hazırlanana materiallar həm hüquqi, həm də tarixi nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, bu materiallar 1918-ci ilin mart ayında ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı faktını sübut edən ən önəmli və təkzibedilməz mənbədir: "1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirən Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə Təhqiqat Komissiyasının yaradılması barədə qərar qəbul edib. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri cinayətləri araşdırıb. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyinin nəzdində xüsusi qurum yaradılıb. 1919 və 1920-ci il mart ayının 31-i iki dəfə Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib".

Daha sonra söz alan Milli Arxivin rəhbəri Ataxan Paşayev mövzu ilə bağlı hazırladığı hesabatı məruzə edib. Hesabatda Fövqəladə Hallar Komissiyasının o dövrdə açıqladığı faktlara diqqət çəkilib. Həmçinin qeyd olunub ki, ermənilərin həmin dövrlərdə törətdikləri faciələrlə əlaqədar olaraq, son vaxtlar Türkiyədə və Azərbaycanda bir sıra silsilə tədbirlər keçirilib.

Tədbirin davamında çıxış edənlər tarix boyu ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri yada salaraq, mövzu ilə bağlı fikirlərini bildiriblər.

Tədbir müzakirələr əsasında davam edib.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə