Nazirlər Kabineti "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası"nı təsdiq edib. SİA-nın məlumatına görə, qaydaya əsasən dövlət büdcəsinin vəsaitləri hesabına QHT-lər tərəfindən mədəniyyət tədbirinin həyata keçirilməsi ilə bağlı tələb olunan xərclər Mədəniyyət və Turizm Nazirliyi ilə QHT-lər arasında imzalanacaq qrant müqaviləsi əsasında maliyyələşdirilir.
Mədəniyyət sahəsində QHT-nin fəaliyyətinin dəstəklənməsi məqsədilə hər il yanvarın 31-dək nazirlik tərəfindən tədbirlər müəyyən edilir. Müsabiqədə iştirak etmək istəyən QHT-lər hər il martın 1-dək ərizələrini müsabiqənin şərtlərinə uyğun sənədlərlə birlikdə nazirliyə təqdim edirlər. Bu sənədlərə QHT-nin dövlət qeydiyyatına alınması barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, tədbirin keçirilməsi nəzərdə tutulan mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili, tədbirlə bağlı qarşıya qoyulan vəzifələrin əhatə olunması və gözlənilən nəticələr barədə qısa məlumatlar, tədbirin keçiriləcəyi yer və tarix, tədbirin keçirilməsi ilə bağlı xərclər smetası, tədbirin təşkilatçıları və iştirakçıları ilə bağlı məlumatlar daxildir.
Müsabiqə iştirakçılarının təkliflərinin qiymətləndirilməsi məqsədilə Nazirlik tərəfindən ictimai əsaslarla fəaliyyət göstərən Müsabiqə Komissiyası yaradılır.
Komissiya 9 üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. Komissiyanın 3 üzvü mədəniyyət sahəsində fəaliyyət göstərən QHT-lər tərəfindən irəli sürülmüş namizədlər, digər 6 üzvü isə nazirlik tərəfindən irəli sürülmüş namizədlər sırasından mədəniyyət və turizm naziri tərəfindən təyin edilir. Komissiya QHT-lərin təkliflərini 15 gün müddətində qiymətləndirərək mədəniyyət sahəsi üzrə qalibləri və ikinci yer tutanları müəyyən edir. Müsabiqə qaliblərinin siyahısı Nazirliyin rəsmi elektron saytında dərc edilir və onlara müqavilələrin bağlanılması üçün 5 gün müddətində yazılı dəvət göndərilir. QHT-lər tərəfindən mədəniyyət sahəsində keçirilməsi nəzərdə tutulan tədbirlərin dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlı ərizələr hər il mayın 1-dək nazirliyə təqdim edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB