Daşkəsəndə sahibkarlar üçün treninq keçirilib

Daşkəsəndə sahibkarlar üçün treninq keçirilib

Avqustun 27-də Daşkəsən rayonunun Bayan kəndində Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı, Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib. SİA-nın verdiyi məlumata görə, "Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması", "Daşkəsən rayonunda turizmin inkişaf perspektivləri", "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularını əhatə edən treninqdə biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti və zəruriliyi, bu sahədə mövcud qanunvericilik, turizm obyektlərində kadrların peşə hazırlığının artırılması, praktiki əmək vərdişlərinin formalaşdırılması, turistlərin qarşılanmasının, yerləşdirilməsinin və digər xidmətlərin müasir tələblərə uyğun təşkili, kənd turizminin yaradılması və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Bundan başqa, treninqdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat verilib.

Qeyd edək ki, tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilmiş, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə