Naxçıvanda döyülən İlqar Nəsibov evə buraxılıb RƏSMİ (FOTO)

Naxçıvanda döyülən İlqar Nəsibov evə buraxılıb RƏSMİ (FOTO)

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan şəhər sakini İlqar Nəsibovun Naxçıvanda "Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi" İctimai Birliyinin ofisində döyülməsi ilə əlaqədar növbəti məlumat yayıb. SİA-nın xəbərinə görə, Naxçıvan MR DİN 2014-cü il 23 avqust tarixdə yaydığı məlumata yeni əlavələr edib.

Məlumata görə, Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsi tərəfindən aparılan araşdırma zamanı aydın olub ki, Naxçıvan şəhər sakini İlqar Nəsibov avqustun 21-də saat 22:30-da sərxoş vəziyyətdə Naxçıvan Muxtar Respublika Xəstəxanasına gətirilib, aldığı xəsarətə görə ona ilkin tibbi yardım göstərilib. Avqustun 22-də həyat yoldaşının təkidi ilə İlqar Nəsibov evə buraxılıb.

Saxlanılan Fərid Əsgərov öz izahatında bildirib ki, onun ailə üzvləri iqtidaryönümlüdür. Bu səbəbdən İlqar Nəsibov onun ailə üzvləri barədə nalayiq və təhqiramiz ifadələr işlədib. Fərid Əsgərov təhqiramiz ifadələr işlədən İlqar Nəsibovun cavabını verib, bu isə qarşılıqlı ittihama və davaya səbəb olub.

Xatırladaq ki, ötən gün də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi hadisə ilə bağlı məlumat yaymışdı. Bəzi Kütləvi İnformasiya Vasitələrində Naxçıvan şəhər sakini İlqar Nəsibovun Naxçıvanda "Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi" İctimai Birliyinin ofisində döyülməsi ilə bağlı yayılan xəbərlərə cavab olaraq Naxçıvan DİN-i yaydığı məlumatda qeyd edilmişdir ki, Naxçıvan şəhər Polis İdarəsi tərəfindən aparılan araşdırma zamanı müəyyən edilib ki, əslində birliyin ofisinə hücum edilməyib, hadisə yalnız məişət zəminində baş vermiş davadan ibarət olub. Məlum olub ki, ictimai birliyin həmtəsisçisi olan İlqar Nəsibov uzun müddətdən bəri yaxın dostluq münasibətləri saxladığı Vətəndaş Həmrəyliyi Partiyası Naxçıvan Muxtar Respublikası təşkilatının sədri olan, Naxçıvan şəhər sakini Fərid Əsgərovla birlikdə ictimai birliyin ofisində vaxtaşırı görüşərək orada içki məclisləri qurublar. 21 avqust 2014-cü il tarixdə axşam saatlarında hər iki şəxs qeyd olunan ünvanda yenə də içki məclisi qurub, orada spirtli içki qəbul ediblər. Həmin vaxt spirtli içkinin təsiri altında olan İlqar Nəsibov və Fərid Əsgərov arasında yaranmış mübahisə sonda əlbəyaxa davaya çevrilib. Fərid Əsgərov öz izahatında bildirib ki, onlar arasındakı davaya səbəb onun ailə üzvləri haqqında İlqar Nəsibovun işlətdiyi nalayiq və təhqiramiz ifadələr olub. Hər iki şəxs əlbəyaxa dava zamanı bir-birinə bədən xəsarətləri yetiriblər.

Hazırda Naxçıvan şəhər sakini Fərid Əsgərov polis tərəfindən saxlanılıb. Faktla bağlı inzibati araşdırma tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə