Naxçıvan DİN döyülən sakinlə bağlı məlumat yaydı

Naxçıvan DİN döyülən sakinlə bağlı məlumat yaydı

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi son günlərdən bəzi Kütləvi İnformasiya Vasitələrində yayılan Naxçıvan şəhər sakini İlqar Nəsibovun Naxçıvanda "Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi" İctimai Birliyinin ofisində döyülməsi xəbərləri ilə əlaqədar məlumat yayıb. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı Naxçıvan şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılıb.

Araşdırma zamanı müəyyən edilib ki, əslində birliyin ofisinə hücum edilməyib, hadisə yalnız məişət zəminində baş vermiş davadan ibarət olub. Məlum olub ki, ictimai birliyin həmtəsisçisi olan İlqar Nəsibov uzun müddətdən bəri yaxın dostluq münasibətləri saxladığı Vətəndaş Həmrəyliyi Partiyası Naxçıvan Muxtar Respublikası təşkilatının sədri olan, Naxçıvan şəhər sakini Fərid Əsgərovla birlikdə ictimai birliyin ofisində vaxtaşırı görüşərək orada içki məclisləri qurublar. 21 avqust 2014-cü il tarixdə axşam saatlarında hər iki şəxs qeyd olunan ünvanda yenə də içki məclisi qurub, orada spirtli içki qəbul ediblər. Həmin vaxt spirtli içkinin təsiri altında olan İlqar Nəsibov və Fərid Əsgərov arasında yaranmış mübahisə sonda əlbəyaxa davaya çevrilib. Fərid Əsgərov öz izahatında bildirib ki, onlar arasındakı davaya səbəb onun ailə üzvləri haqqında İlqar Nəsibovun işlətdiyi nalayiq və təhqiramiz ifadələr olub. Hər iki şəxs əlbəyaxa dava zamanı bir-birinə bədən xəsarətləri yetiriblər.

Hazırda Naxçıvan şəhər sakini Fərid Əsgərov polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, faktla bağlı inzibati araşdırma tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə