Avqustun 23-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilib. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə təşkil edilən yarmarkalara mövsümə uyğun meyvə-tərəvəz və digər məhsullar çıxarılıb. "Təzə bazar" MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 14,85 ton meyvə, tərəvəz, ağartı, bostan məhsulları və s. təklif olunub.
Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil edilən yarmarkaya bu əraziyə təhkim olunmuş Salyan, Qusar, Astara, Şabran, bundan əlavə Sabirabad, Quba, Göyçay, Gədəbəy, Kürdəmir, Bərdə, Xaçmaz rayonlarının fermerləri və torpaq mülkiyyətçiləri tərəfindən 124,4 ton meyvə-tərəvəz, bostan məhsulları, mal və qoyun əti, ağartı, göyərti və digər kənd nemətləri çıxarılıb.
Satışa çıxarılan məhsullar arasında mövsümə uyğun kənd nemətləri, o cümlədən kələm, yerkökü, çuğundur, bibər, alma, armud, üzüm, gavalı, göyərti, xüsusilə qarpız, yemiş və digər məhsullar üstünlük təşkil edir. Meyvə-tərəvəzlərdən kartof, lobya, badımcan, soğan, şaftalı, üzüm, zoğal daha həvəslə alınır. Bütün məhsullar bazarlardakından 25-30 faiz ucuz qiymətə satılır.
Yarmarkaya daxil olan məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır.
Yarmarkada nəzarət tərəzisi qoyulub, bütün məhsulların bazarlarla müqayisəli qiymətləri göstərilib.
Xətai rayonunda yarmarkaya Kürdəmir, Salyan, Biləsuvar, Qax, Şəmkir, Qəbələ, Quba, Astara, Daşkəsən rayonlarından 287 ton meyvə-tərəvəz, ət və süd məhsulları daxil olub. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Oqtay Hüseynov məlumat verib ki, yarmarkada məhsulların qiymətləri bazarlardakından 20-30 faiz ucuzdur. Eyni zamanda, məhsulların keyfiyyətinə və qiymətinə ciddi nəzarət olunur.
Yarmarkada sərfəli qiymətə şaftalı, gavalı, üzüm, zoğal, göyəm, alma, armud, xiyar, pomidor, kartof, soğan, bibər, göyərti, qarpız, yemiş və digər məhsullar təklif edilir.
Şəhər sakinləri məhsulların qiymətindən və keyfiyyətindən razıdırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB