Azərbaycanın Əfqanıstan əməliyyatına töhfələri yüksək qiymətləndirilib

Azərbaycanın Əfqanıstan əməliyyatına töhfələri yüksək qiymətləndirilib

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Nəqliyyat Komandanlığının rəhbəri general Paul Selvanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən əldə etdiyi məlumata görə, görüşdə Azərbaycanın NATO-nun Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatına verdiyi töhfələr yüksək qiymətləndirilib.

Azərbaycanın Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri üçün əsas, etibarlı və təhlükəsiz tranzit marşrutlarından biri kimi ikitərəfli və çoxtərəfli əsasda nəqliyyat və yükdaşımaları sahəsində NATO-nun üzv və tərəfdaş ölkələrinə, o cümlədən ABŞ-a göstərdiyi dəstəkdən məmnunluq ifadə olunub.

Elmar Məmmədyarov tərəfdaş dövlət olaraq Azərbaycanın Əfqanıstan əməliyyatı ilə əlaqədar bundan sonra da lazımı tranzit dəstəyi göstərəcəyini qeyd edib. Nazir tikintisi başa çatmaqda olan Bakı-Tbilisi-Qars dəmir-yolu xəttinin və Ələt qəsəbəsi ərazisindəki Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ölkəmizin tranzit və nəqliyyat imkanlarını daha da artıracağını bildirib.

General Paul Selva əməkdaşlığa və dəstəyə görə Azərbaycana təşəkkürünü bildirərək, ölkəmizin əlverişli coğrafi mövqeyinin, inkişaf edən nəqliyyat infrastrukturunun yüksək təəssüratlar doğurduğunu, xüsusilə kommersiya və ticarət baxımdan böyük imkanlara malik olduğunu deyib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə