"Şəhid adlarının əbədiləşdirilməsinə ictimai dəstək" layihəsi müzakirə olunub

"Şəhid adlarının əbədiləşdirilməsinə ictimai dəstək" layihəsi müzakirə olunub

Bu gün "SƏS" qəzetinin redaksiyasında "Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maddi dəstəyi ilə konfrans keçirib. SİA-nın verdiyi məlumata görə, tədbirdə "Şəhid adlarının əbədiləşdirilməsinə ictimai dəstək" layihəsi çərçivəsində görülən işlər müzakirə olunub.

"Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Rövşən Ağamalıyev çıxış edərək bildirib ki, 1988-ci ildən bu günə kimi Ermənistanın hərbi təcavüzü nəticəsində 1 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, Azərbaycanın 20%-dən çox ərazisi işğal edilib. Ermənistanda yaşayan 250 min nəfər azərbaycanlı öz doğma yurdlarından zorla son nəfərədək qovulublar. Qeyd olunan müddət ərzində 20 min nəfər azərbaycanlı həlak olmuş, 100 min nəfərdən çoxu yaralanmış, 50 min nəfərə qədər müxtəlif dərəcəli xəsarət alaraq əlil olublar.

Konfransda bildirilib ki, şəhid adlarının əbədiləşdirilməsi məqsədi ilə onların adlarına küçələr və parklar verilib. Əfsuslar olsun ki, bir çox şəhidlərin adlarına verilmiş küçələrdə onların adları yazılmış lövhələr, barelyeflər yoxdur və yaxud həmin lövhələr və barelyeflər tamamilə oxunmaz haldadır. Bunlar isə şəhid ailələrində narahatlığa səbəb olur.

Bundan əlavə diqqətə çatdırılıb ki, şəhid adını daşıyan küçədə yaşayan sakinlər heç bilmirlər ki, bu insan kim olub. Bütün bu narazılıqların səbəbi isə şəhidlərin adını daşıyan küçələrdə "ŞƏHİD" sözünün yazılmamasıdır. Ən ağrılı problem ondan ibarətdir ki, bir çox şəhidlərin adlarının əbədiləşdirilməsi məqsədi ilə onların adlarına küçələr və parklar verilməsindən uzun illər keçməsinə baxmayaraq yerli icra hakimiyyətləri hələ də Nazirlər Kabinetinin 3 sentyabr 1993-cü il şəhid adlarının əbədiləşdirilməsi qərarına biganə münasibət bəsləyərək barelyeflərin vurulmasını icra etmirlər. Bəzən şəhid ailələri bu məsələnin həll olunması üçün aylarla aidiyyəti qurumlara məsələnin həlli üçün şikayət etməyə məcbur olurlar. Bundan əlavə bir neçə şəhid adlarına verilmiş küçələrdə onların adları yazılmış lövhələr və barelyeflərin qarşısında ticarət köşkləri və ya digər məqsədə uyğun olmayan obyektlər tikilir. Bu da həmin ailələrdə haqlı olaraq narazılıqlar yaradılır. Layihədə sadalanan bu problemlər ictimaiyyət arasında narazılığa səbəb olur. Bu sadalanan məsələlər yeniyetmə və gənc hərbi vətənpərvər ruhda böyüməsinə əks təsir edən məsələdir.

R.Ağamalıyev bildirib ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının maddi dəstəyi ilə həyata keçirilən "Şəhid adlarının əbədiləşməsinə İctimai dəstək" layihəsi şəhid ailələrinə və böyüməkdə olan yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda böyüməsinə müsbət mənada dəstək olacaq.

Tədbirdə çıxış edən digər natiqlər müzakirəyə qoyulmuş məsələ ətrafında çıxış edərək problemin həlli ilə bağlı öz fikirlərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə