Mərasimlər milli-mənəvi dəyərlərə uyğun olmalıdır

Mərasimlər milli-mənəvi dəyərlərə uyğun olmalıdır

Azərbaycanda dövlət-din münasibətləri başqa ölkələr üçün nümunə olacaq səviyyədə formalaşıb, respublikamız dünya ölkələri üçün tolerantlıq modeli olub. Bu gün mərasimlərimizin milli-mənəvi, mədəni və dini dəyərlərə uyğun keçirilməsi önəmli bir məsələdir. Bu fikirlər rayon ictimaiyyəti nümayəndələrinin, dini icma sədrlərinin, axund və imamların, dini ayinlərin icraçılarının, ərazi dairələri üzrə icra nümayəndələrinin iştirakı ilə İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən toplantıda səsləndirilib.

Qeyd edilib ki, ölkəmizdə bütün dinlərə mənsub insanların dini ayinləri icra etməsi üçün nümunəvi şərait yaradılıb. Məscidlər, kilsələr, sinaqoqlar bərpa edilir, yenidən tikilir. Vaxtilə öz məqsədindən kənarlaşdırılıb təsərrüfat, məişət, mədəniyyət obyektlərinə çevrilmiş Allah evləri yenidən inanclı insanların üzünə açılır.

Tədbirdə bildirilib ki, dini ayinlərin icrasındakı bəzi kiçik zahiri fərqlər mahiyyətə təsir etməməlidir. Biz müsəlmanıq, dinimiz İslam dinidir. Dini ayinlərin icrasında kimsə özünü başqasından daha inanclı, daha üstün, daha düzgün göstərmək cəhdində olmamalıdır. Mərasimlərimiz elə səviyyədə keçirilməlidir ki, burada bərabərlik pozulmasın, fərqlilik yaranmasın.

Bir sıra çıxışlarda israfçılığın günah işlər sırasında olduğu vurğulanıb, buna hamılıqla riayət olunmasının zəruriliyindən danışılıb. Bildirilib ki, hər kəs, o cümlədən dini ayinlərin icraçıları çoxsaylı təamlar, meyvələr, çərəzlər, şirələrlə bəzədilmiş süfrələrin dünyasını dəyişənə əsla dəxili olmadığını əhaliyə izah etməlidir. Ehsanın yalnız yeməkdən ibarət olduğunu düşünmək məqbul hal sayıla bilməz. Körpü salmaq, yol və su çəkmək, bir imkansıza əl tutmaq, ehtiyaclı insanların yanında olmaq, dindaşına, soydaşına mərhəmət göstərmək, ev tikənə yardımçı olmaq ehsanın bəyənilən istiqamətlərindəndir.

Toplantıda dönə-dönə vurğulanıb ki, din xadimləri, ağsaqqallar, icra və yerli özünüidarə orqanlarının nümayəndələri bu məsələlərin təbliğində birgə səy göstərməlidirlər. Mərasimlərimiz nəyinsə nümayişi məclisinə çevrilməməlidir. Hər kəs sosial mühitin saflaşmasında, gənclərin milli-mənəvi və dini dəyərlər əsasında tərbiyəsində daha fəal iştirak etməlidir./azərtac/

Bütün xəbərlər Facebook səhifəmizdə