Artıq alınmış pensiya məbləğinin qanunvericiliyə əsasən tutulması dəfn xərcinin azaldılması kimi şərh olunmamalıdır. Bu sözləri Dövlət Sosial Müdafiə Fondunun əmək pensiyaları şöbəsinin müdiri Elşən Məmmədəliyev azərtac-a müsahibəsində deyib.
E.Məmmədəliyev diqqətə çatdırıb ki, ölkəmizdə yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyi 2006-cı ildən bu günədək Azərbaycan Respublikası Prezidenti tərəfindən əmək pensiyalarının baza hissəsinin artırılması ilə bağlı 8, sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 8 Sərəncam imzalanıb. Bununla yanaşı, əvvəlki sistemlə əhatə olunmuş şəxslərin yeni şəraitə inteqrasiyasının tamamlanması üçün ardıcıl qərarlar qəbul edilib.
Belə ki, qısa müddət ərzində çox ciddi sosial-iqtisadi islahatların aparılmasının məntiqi nəticəsi kimi yaşa görə əmək pensiyasının baza hissəsinin 2006-cı il aprelin 1-dən 30 manat, oktyabrın 1-dən 35 manat, 2007-ci il yanvarın 1-dən 40 manat, fevralın 1-dən 50 manat, 2008-ci il yanvarın 1-dən 60 manat, sentyabrın 1-dən 75 manat, 2010-cu il sentyabrın 1-dən 85 manat, 2013-cü ilin sentyabrın 1-dən 100 manat məbləğində müəyyən edilməsi ilə bütün əmək pensiyaçılarının pensiyalarına eyni vaxtda artımlar tətbiq olunub.
Göstərilənlərlə yanaşı, dövlətimizin başçısının əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncamlarına əsasən, müvafiq şəxslərin əmək pensiyalarının sığorta hissəsinə ölkədə baş vermiş inflyasiyaya uyğun olaraq 2007-ci ilin yanvarın 1-dən 8,3 faizlik, 2008-ci ilin yanvarın 1-dən 16,7 faizlik, 2009-cu ilin yanvarın 1-dən 20,8 faizlik, 2010-cu il yanvarın 1-dən 1,5 faizlik, 2011-ci il yanvarın 1-dən 5,7 faizlik, 2012-ci il yanvarın 1-dən 7,9 faizlik, 2013-cü il yanvarın 1-dən 1,1 faizlik, 2014-cü il yanvarın 1-dən 2,4 faizlik artım tətbiq edilib.
E.Məmmədəliyev qeyd edib ki, pensiyaçıların sosial müdafiəsinin xüsusi diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika ilə artır. Belə ki, ölkə üzrə pensiyaların orta aylıq məbləği 2006-cı il yanvarın 1-nə 29,8 manat olduğu halda, 2007-ci il yanvarın 1-nə 41,1 manat, 2008-ci il yanvar 1-nə 62,9 manat, 2009-cu il yanvarın 1-nə 95,8 manat, 2010-cu il yanvarın 1-nə 100,4 manat, 2011-ci il yanvarın 1-nə 112,9 manat, 2012-ci il yanvarın 1-nə 145,1 manat, 2013-cü il yanvarın 1-nə 152 manat təşkil edib. Hazırda isə bu rəqəm 172,2 manata çatıb. Şöbə müdiri vurğuladı ki, nəticədə yeni sistem fəaliyyətə başladığı dövrdən indiyədək əmək pensiyalarının minimum məbləği 4 dəfə, orta aylıq məbləği isə 5,8 dəfə artıb.
Həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7 faiz üstələyir. Halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu. Bütün bunlar ölkədə yoxsulluq probleminin həllinin mühüm vasitələrindən biri kimi sosial sahədə sürətli islahatların aparılması və pensiyaların davamlı artırılmasına dair Azərbaycan Prezidentinin qəbul etdiyi ardıcıl qərarların real nəticəsidir.
Qanunvericilikdən söz açan şöbə müdiri diqqətə çatdırıb ki, hazırda sığortaolunanların vəfatı ilə əlaqədar dəfn xərcinin məbləği 120 manat təşkil edir. Əmək pensiyaçısı vəfat etdikdə isə onun ailəsinə yaşa görə əmək pensiyasının baza hissəsinin üç misli məbləğində dəfn üçün müavinət verilir. Yaşa görə əmək pensiyasının baza hissəsi 100 manat təşkil etdiyindən, 300 manat məbləğində dəfn üçün müavinət ödənilir. Bəzən vətəndaşlar tərəfindən dəfn üçün müavinət vəfat edənin əmək pensiyasının tam məbləğinin üç misli başa düşülür.
Şöbə müdiri bildirib ki, bəzi hallarda əmək pensiyaçısının vəfatı barədə məlumat onun ailə üzvləri tərəfindən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yerli orqanına vaxtında verilmir və əmək pensiyaçısının plastik kartı vasitəsilə aylıq pensiyalar alınmaqda davam edir. Bu cür hallarda dəfn üçün müavinətin ödənilməsi üçün müraciət edildikdə artıq ödənilmiş pensiya məbləğinin tutularaq, DSMF-nin hesabına bərpası aparılır. Təəssüf ki, bu hal bəzən vətəndaşlar tərəfindən dəfn müavinətinin az məbləğdə verilməsi kimi başa düşülür. Halbuki burada dəfn müavinəti düzgün hesablanır və DSMF-nin orqanı artıq ödənmiş məbləğin tutulmasına cavabdehdir. Buna görə də ümumi məbləğdən artıq alınmış həmin vəsait tutulur. Artıq alınmış pensiya məbləğinin qanunvericiliyə əsasən tutulması dəfn xərcinin azaldılması kimi şərh olunmamalıdır. Bəzi hallarda vətəndaşlar dəfni kimin yerinə yetirməsi barədə sənəd təqdim olunmasına etiraz edirlər.
E.Məmmədəliyevin sözlərinə görə, təcrübə göstərir ki, dəfn müavinətinə bəzən bir neçə varis iddia edir. Müavinət isə yalnız dəfn edənə verilməlidir. Bu isə həmin şəxsin dəfni həyata keçirməsi barədə arayış alınmasını tələb edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB