Prezident təqaüdçüsü gənclər millət vəkili ilə görüş keçiriblər FOTOLAR

Prezident təqaüdçüsü gənclər millət vəkili ilə görüş keçiriblər FOTOLAR

"Prezident Təqaüdçüsü Gənclər Klubunun" Təşkilat Komitəsinin təşəbbüsü ilə univerisitetlərə qəbul imtahanlarında yüksək bal topladıqları üçün "PrezidentTəqaüdü"-nə layiq görülmüş bir qrup tələbənin Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, millət vəkili Fərəc Quliyevlə görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, dəyirmi masa şəklində təşkil olunmuş tədbiri giriş sözü ilə açan Birliyin Təşkilat Komitəsinin sədri Təbriz Raufoğlu gənclərə, o cümlədən tələbələrə həmişə xüsusi diqqəti ilə seçildiyi üçün tələbələr adından Fərəc Quliyevə təşəkkürlərini bildirib. Təbriz Raufoğlu qeyd edib ki, "PrezidentTəqaüdçüsü" Gənclər Klubu yeni yaranmaqda olduğu üçün, kifayət qədər nüfuza malik bir millət vəkilinin verdiyi bu dəyər Birliyin formalaşmasında stimul olacaq və Birlik üçün xüsusi bir əhəmiyyətə malikdir. O, sonra sözü Fərəc Quliyevə verib.

F.Quliev də öz növbəsində belə bir təşəbbüsü yüksək qiymətləndirərək bildirib ki, sizlər artıq bir ailənin, bir nəslin deyil, bir millətin, bir dövlətin övladlarısınız: "Ona görə də istər millət vəkillərinin, istər də dövlət adamlarının borcudur ki, sizlərin istiqamətləndirilmənizdə və formalaşmanızda əlindən gələni etsin. Millət vəkili eyni zamanda vurğulayıb ki, gənclərdən çox şey tələb etməməyə qarşıdır. "Mən Azərbaycanın müstəqilliyi uğrunda, rus ordusunun ölkəmizdən çıxarılması üçün, ərazi bütövlüyümüz və bu kimi müqəddəs milli taleyüklü məsələlərlə bağlı mübarizə aparanda gənc idim, nəyə görə indiki gənclik taleyüklü məslələrdən kənarda qalmalıdırlar?! Yəni gənclərdən çox şey gözləməyə dəyər və gözlənilməlidir də. Çünki, siz həm biz bildiklərimizi bilirsiniz, həm də modern və müasir informasiya qaynaqlarından daha bacarıqlı istifadə etdiyiniz üçün biz bilmədiklərimizi bilrisiniz".

O bildirib ki, siz prezident təqaüdçüləri həm də istedadınıza görə digər gənclərdən fərqlənirsinizsə sizdən bizim tələbimiz daha çox olmalıdır. Çünki, biz istəyirik ki, qurduğumuz bu ölkə daha savadlı, ağıllı, bacarıqlı və güclü əllərdə olsun".

Fərəc Quliyev bildirib ki, bir ölkənin və bir millətin ən böyük sərvəti insan faktorudur: "Belə bir təsnifat var ki, bir ölkənin nə qədər çox təbii sərvəti və coğrafi mövqeyi yaxşıolsa da, insan amilindən düzgün istifadə edilməsə, o ölkədə heç bir uğura nail olunmaz. İnsan amili ən mühüm amildir və bu gün bizim dövlət siyasətində də bu priaritet məslə kimi qəbul olunur ki, maddi qaynaqlarımız insan amilinə çevrilisin. Bu isə yaxşı mənada bumeranq siyasətidir. İnsan faktoruna çevrilən maddi kapital dəfələrlə artıqlaması ilə qayıdır".

Daha sonra istiqlalçı deputat öz həyat yolu ilə müqayisəli tövsiyələr verdi: "Bilirsiz, mən siqnator deputatam, Milli Azadlıq Hərəkatında iştirak etmişəm, Sərhəd Hərəkatında iştirak etmişəm, döyüşçü olmuşam, yəni azdan-çoxdan mübarizəm olub. Amma mən düşünmürəm ki, mən qəhrəmanam. O zamanın tələbi idi. Çünki, bir imperiyaya qarşı mübarizə gedirdi. Lakin, bu gün bizim sivil bir dövlətimiz var. Bu dövləti biz -yəni bütövlükdə Azərbaycan xalqı qazanıb və qurub. Burda hər cür yarış ola bilər –ağıl yarışı, platforma yarışı, ideoloji mübarizəsi, hakimiyyət uğrunda mübarizə - bütün bunlar olduqca normaldır, amma öz dövlətinə qarşı radikal addımlar artıq anormaldır və qəbul oluna bilməz. Biz imperiyaya qarşı azadlıq savaşında radikal mövqedən çıxış edəndə, indi radikal mübarizə yolunu tutan adamlar və qüvvələr "biz demokratik mübarizə aparırırq" –deyib yaxalarını kənara çəkirdilər.

Mən sizi bayaq qeyd etdiyim, bu günün tələblərinə uyğun yarışlarda və mübarizədə öndə görmək istəyirəm.Təkcə ölkədaxilində deyil, dünya miqyasında iddialı olun. Bir millətin xoşbəxtliyi onun dünyada güclü olmasından asılıdır. Fərdin xoşbəxtliyi isə, millətin xoşbəxtliyinin içərisindədir. Müşahidə etsəniz, dünya xalqlarında bu həqiqəti görərsiniz. Bu yolda da sizə, istər millət vəkilləri olsun, istər hakimiyyətdə olanlar olsun, istər hakimiyyət iddiasında olan müxalifət partiyalarıolsun, istər siyasətə qarışmayan ziyalı təbəqə olsun, istər yerlərdə corab toxuyan nənələrimiz olsun, istər qoyun otaran babalarımız olsun, hamımız sizə sahib çıxmağa borcluyuq".

Sonra, millət vəkili təhsillə bağlı Milli Məclisdə qaldırdığı məsələrdən danışıb və dünyada Azərbaycanın imicinin qaldırılması istiqamətində gənclərin görə biləcəyi işlərlə bağlı tövsiyyələrini verdi. Xatırladaq ki,görüşdə millət vəkilinin köməkçiləri Həbib Ələkbərsoy və Coşqun Dadaşov da iştirak ediblər.

Tələbələrin suallarını cavablandırdıqdan sonra Fərəc Quliyev gənclər tərəfindən millət vəkili kimi ona unvanlanmış təklifləri qeyd edərək, butun təkliflərin müsbət həlli üçün əlindən gələni edəcəyini bildirib.

Sonda dəyirmi masa iştirakçıları xatirə şəkli çəkdirməklə tədbiri yekunlaşdırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə