Bu gün səhər tezdən Gəncənin Mərkəzi Meydanında böyük canlanma yaranıb. "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasının Quba-Qusar-Xaçmaz marşrutunun iştirakçıları olan Gəncə məktəbliləri¬ni yola salmaq üçün şəhər İcra Hakimiyyətinin və Təhsil idarəsinin məsul işçiləri, eləcə də valideynlər buraya toplanıblar. SİA-nın məlumatına görə, mərasimdə Gəncənin İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva çıxış edərək ölkəmizdə gənc nəslin təlim-tərbiyəsinə göstərilən diqqət və qayğıdan danışaraq deyib ki, bu günün gəncliyi xoşbəxtdir. Çünki onun hərtərəfli inkişafı, dünyagörüşünün formalaşması üçün ölkəmizdə hər cür şərait yaradılıb. Dövlətimizin başçısı daim gəncləri düşünür və sabahın qurucuları olan bu yeniyetmələrin hərtərəfli böyüməsi üçün diqqət və qayğı göstərir. Elə "Ölkəmizi tanıyaq" devizi ilə keçirilən maarifləndirici tur-aksiya da bu qayğının bir nümunəsidir.
Gəncə şəhər Təhsil idarəsinin rəisi Zakir Hüseynov çıxış edərək deyib ki, hər bir Azərbaycan vətəndaşı yaşadığı ölkənin bütün bölgələrini tanımalıdır. Bu tur-aksiyanın müsbət cəhətləri çoxdur. Ekskursiya zamanı şagirdlər həm bölgəni tanıyacaq, həm onun insanları ilə, adət-ənənəsi ilə maraqlanacaq, həm də özlərinə çoxlu dost tapacaqlar.
Təhsil idarəsinin rəisi maraqlı bir açıqlama da verib. Deyib ki, qərara gəlmişik ki, yeni dərs ili başlayanda "Ölkəmizi tanıyaq" devizi ilə keçirilən tur-aksiya iştirakçıları arasında inşa yazı müsabiqəsi keçirək və ən yaxşı yazıları mükafatlandıraq.
Sonra valideynlər, tur-aksiyanın iştirakçıları olan şagirdlər ürək sözlərini söyləyiblər. Deyiblər ki, dövlət başçısının tapşırığı ilə həyata keçirilən bu aksiya hər bir məktəblinin, hər bir valideynin ürəyincədir və buna görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdardırlar.
Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra iştirakçıların xeyir-duası ilə 40 nəfər şagirdin və 5 nəfər müşaiyətçinin daxil olduğu qrupun üzvləri onlar üçün ayrılmış xüsusi avtobusla Quba-Qusar-Xaçmaz marşrutu üzrə tur-aksiyaya yola düşüblər.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB