ARGTMŞ nümayəndə heyəti cəbhə bölgəsində əsgərlərlə görüşüb

ARGTMŞ nümayəndə heyəti cəbhə bölgəsində əsgərlərlə görüşüb

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) nümayəndə heyəti "18 avqust – Azərbaycan Respublikası Dövlət Sərhəd Qoşunları Əməkdaşlarının Peşə Bayramı" münasibəti ilə cəbhə bölgəsində yerləşən, Fizuli rayonunun "N" saylı hərbi hissəsində əsgərlərlə görüşüb. Təşkilatın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ARGTMŞ nümayəndə heyətinin tərkibində təşkilatın əməkdaşları, ARGTMŞ-a üzv olan bir sıra gənclər təşkilatlarının rəhbərləri və fəal gənclər iştirak ediblər. Hər il mütəmadi olaraq ARGTMŞ tərəfindən üzvləri ilə birlikdə təşkil olunan əsgərlərlə görüşün məqsədi üzv təşkilatların gənc liderləri arasında vətənpərvərlik hisslərinin yüksəldilməsi, əsgərlərə mənəvi dəstək olunması və xidmət zamanı ruh yüksəkliyinin artırılmasıdır.

Tədbir çərçivəsində ARGTMŞ nümayəndə heyəti əvvəlcə gənc hərbi qulluqçuların andiçmə mərasimində iştirak edib. Andiçmə mərasimində çıxış edən ARGTMŞ-nın sədri Şahin Seyidzadə hərbi qulluqçuları və onların valideynlərini üzərlərinə götürdükləri bu çətin, şərəfli vəzifəyə görə təbrik edib, Azərbaycan gənclərinin ölkə sərhədlərinin təhlükəsizliyindən əmin olduğunu və təhlükəsiz şəraitdə hərgün daha böyük uğurlar əldə etdiyini vurğulayıb.

Tədbir xidmət zamanı yüksək nizam-intizam və fəallığı ilə seçilən hərbi qulluqçuların ARGTMŞ tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılması və fəxri fərmanla təltif olunması ilə davam edib.

Daha sonra ARGTMŞ nümayəndə heyəti sözü gedən hərbi hissənin rəhbərliyinin müşayəti ilə hərbi hissədə hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olmaq imkanı əldə ediblər. Hərbi hissə ilə tanışlıq zamanı hərbi hissə rəhbərliyi tərəfindən ARGTMŞ nümayəndə heyətinə hərbi hissədə hərbi qulluqçular üçün yaradılmış şərait haqqında ətraflı məlumat verilib, əyani şəkildə nümayiş etdirilib və onların sualları cavablandırılıb. ARGTMŞ nümayəndə heyəti tərəfindən bu istiqamətdə görülmüş işlər və əldə olunmuş nailiyyətlər yüksək qiymətləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə