DSX rəisinin müavini: “Azərbaycan sərhəd mühafizəsi son illərdə əhəmiyyətli şəkildə güclənib”
Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbərliyi Azərbaycan sərhəd mühafizəsinin yaranmasının 95 illiyi ilə əlaqədar Fəxri Xiyabanda olublar. SİA-nın xəbərinə görə, DSX rəhbərliyi Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevinin abidəsinin qarşısına əklil qoyublar. DSX əməkdaşları həmçinin Fəxri Xiyabanda akademik, görkəmli oftolmoloq Zərifə Əliyevanın da məzarını ziyarət ediblər.
Daha sonra Şəhidlər Xiyabanını ziyarət edən DSX rəhbərliyi Əbədi Məşəl Kompleksinin önünə əklil qoyub. Onlar həmçinin Sərhəd Qoşunlarının sıralarında döyüşlərdə iştirak etmiş Milli Qəhrəman Eldar Məmmədovun məzarını ziyarət ediblər.
Ziyarətdən sonra jurnalistlərə açıqlama verən DSX rəisinin müavini, general-mayor Azad Ələkbərov bildirib ki, Azərbaycan sərhəd mühafizəsi son illərdə əhəmiyyətli şəkildə güclənib.
Onun sözlərinə görə, sərhədlərdə yeni zastava və komendantlıqların inşa olunub, artıq sərhəd mühafizəsinin təşkili üçün zəruri olan infrastruktur mövcuddur: "Dağlıq ərazilərdə sərhəd mühafizəsinin təşkilinin gücləndirilməsi istiqamətində işlər aparılır. Ən müasir texniki sistemlər tətbiq olunur. Dəniz sərhədlərinin mühafizəsi məqsədilə ötən ay gəmi zavodumuz istifadəyə verildi. Ümumilikdə bu gün Azərbaycan sərhədçiləri qarşıya qoyulan tapşırıqları tam şəkildə yerinə yetirmək imkanına malikdirlər. Sərhəd Qoşunlarının şəxsi heyəti Azərbaycan Silahlı Qüvvələrinin digər növləri ilə birgə işğal altındakı ərazilərin azad edilməsinə öz töhfəsini verməyə hazırdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB