Yeniyetmə və gənclərin yay istirahətinin təşkili ilə bağlı Səbail rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan tədbirlər çərçivəsində yeni layihə həyata keçirilib. SİA-nın xəbərinə görə, "Sahil bağı"nda start verilən növbəti tədbir Müdafiə Nazirliyi ilə birgə layihədir. Belə ki, gənclərin sağlam böyüməsi, idmana olan marağının artırılması, hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi məqsədi ilə bu il ilk dəfə olaraq Səbail rayonunun təhsildə və idmanda fərqlənən, xüsusi istedadlı yeniyetmələri – ümumilikdə 100 nəfər uşaq üçün Müdafiə Nazirliyinin Qusar rayonundakı "N" saylı hərbi hissəsində hərbi-vətənpərvərlik təmayüllü "Gənc Heydərçilər" yay istirahət düşərgəsi yaradılıb. Bu gün də düşərgəyə gedən yeniyetmələrin yola salınma mərasimi keçirilib.
Tədbir Müdafiə Nazirliyinin Təlim-tədris mərkəzinin hərbi orkestri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlanıb.
Müdafiə Nazirliyinin zabiti Abdulla Qurbani və Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin rəisi, general-mayor Rasim Əliyev çıxış edərək uşaqların mənalı və yaddaqalan istirahəti üçün görülən işlərdən danışıb və uşaqlara xoş istirahət arzulayıblar.
Daha sonra Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ölkə başçısı İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən danışaraq qeyd edib ki, bu ayın əvvəlində RİH və Daxili Qoşunların birgə layihəsi çərçivəsində artıq 9-cu dəfə 250 yeniyetmə Qubada təşkil olunan "Şahinlər" yay istirahət düşərgəsində istirahət edib: "Qusar rayonunda isə ilk dəfədir ki, belə düşərgə yaradılır. Hərbi hissədə xüsusi olaraq ayrılmış kazarmada təşkilatçılar tərəfindən yeniyetmələrin istrahəti üçün hər cür şərait yaradılıb. Hərbiçilərlə yaxından təmasda olmaq, əsgərlərin gündəlik həyatı və hərbi hissədəki şəraitlə yaxından tanışlıq yeniyetmələrin gələcək hərbi xidmətə daha yaxşı hazırlaşmasına, onlarda hərbiçi peşəsinə olan marağın artırılmasına şərait yaradacaq".
Bildirilib ki, düşərgənin hərbi-vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınıb, Müdafiə Nazirliyinin Qusardakı "N" saylı hərbi hissəsi tərəfindən bütün hazırlıq işləri görülüb. Düşərgədə yeniyetmələr gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunacaq, istirahət dövründə onlar üçün bir neçə dəfə təbiət qoynunda nahar təşkil olunacaq, onlar hərbi hissənin döyüş texnikası və silahları ilə tanış olacaqlar.
Düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri və həmçinin hərbi hissənin zabitləri, çavuş və əsgərlərindən ibarət qrup məşğul olacaq, hərbiçilər hərbi-hazırlıq, təlim-tərbiyə işlərində onlar yaxından iştirak edəcəklər. Düşərgədə istirahət edən yeniyetmələrin həmçinin Qusar rayonunun görməli yerlərinə, mədəniyyət abidələrinə ekskursiyaları təşkil olunacaqdır ki, bu da məktəblilərin respublikamızın regionları ilə yaxından tanış olmalarına böyük kömək olacaq.
Müdafiə Nazirliyinin orkestrinin marş sədaları altında yeniyetmələr valideynləri ilə görüşüb avtobuslara əyləşərək Qusar rayonuna yola düşüblər. Yola düşməzdən əvvəl "Gənc Heydərçilər" Ulu öndər Heydər Əliyevin Fəxri Xiyabanda məzarını ziyarət edərək abidə önünə çiçək dəstələri düzüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB