Gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Avqustun 16-da Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakıda və Hacıqabul rayonunda yerləşən hərbi hissələrində gənc əsgərlərin təntənəli andiçmə mərasimləri keçirilib. Daxili Qoşunların mətbuat xidmətindən bildiriblər ki, tədbirlərdə qurumun Baş İdarəsindən yüksək rütbəli hərbi qulluqçular, qoşunların Veteranlar Şurasının üzvləri, həmçinin əsgərlərin valideynləri iştirak ediblər.

Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra hərbi orkestrin müşayiəti ilə döyüş bayrağı sıra meydanına gətirilib.

Mərasimdə Daxili Qoşunların yaranma tarixi, döyüş yolu, inkişaf və quruculuq dövrü barədə geniş məlumat verilib. Qeyd olunub ki, hərbi xidmət keçmək hər bir azərbaycanlının şərəfli borcudur. Vətənimiz Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsinə hər an hazır olmalıyıq. Hərbi andın mahiyyəti də məhz bundan ibarətdir.

Gənc əsgərlər Vətənə sədaqət andı içdikdən sonra daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədovun şəxsi heyətə təbriki çatdırılıb.

Təbrikdə hər bir əsgərin Vətənə layiqli övlad olacağına inam ifadə edilib. Xüsusi vurğulanıb ki, ümummilli lider Heydər Əliyev məktəbinin

davamçısı Prezident İlham Əliyevin Silahlı Qüvvələrin, o cümlədən Daxili Qoşunların daha da möhkəmlənməsi və qüdrətlənməsi üçün göstərdiyi qayğı və diqqət sıralarımızda xidmət edən hər bir gənci öz vəzifələrini mətinliklə yerinə yetirməyə ruhlandırır: "Hərbi and içərək respublikamızın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü göz bəbəyi kimi qorumağa söz verməklə hər biriniz bu müqəddəs andın mənasını tam dərk etməlisiniz. Bu gün hər bir vətəndaşın təhlükəsizliyi, hər qarış torpağımızın müqəddəratı məhz sizin nümunəvi xidmətinizdən asılıdır".

Tədbirdə çıxış edənlər ölkə rəhbərliyinin ordu quruculuğu sahəsində həyata keçirdiyi məqsədyönlü tədbirlərdən, hərbi andın şərəf və məsuliyyətindən, eləcə də Daxili Qoşunların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlərdən söhbət açıblar.

Mərasim şəxsi heyətin tribuna önündən təntənəli keçidi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə