Təkcə yaxşı oxumaq kifayət deyil

Təkcə yaxşı oxumaq kifayət deyil

Avqustun 16-da Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında 40 nəfər məktəblidən ibarət qrup Gəncə-Göygöl-Şəmkir marşrutu üzrə tur-aksiyada iştirak etmək üçün təntənəli surətdə yola salındı. Təhsil şöbəsinin məsul işçilərinin, valideynlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yolasalma mərasimində çıxış edən Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Vaqif Ələkbərov iştirakçılara uğurlar arzuladı. Bildirdi ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində son illər ölkədə təhsilin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edilib. Həyata keçirilən Dövlət proqramları çərçivəsində ölkənin bütün regionlarında ümumi təhsilin infrastrukturu əhəmiyyətli şəkildə yenilənib. Ölkədə təhsilin müasir tələblərə cavab verən normativ hüquqi bazası yaradılıb.

V.Ələkbərov vurğuladı ki, Vətənimizi daha yaxından tanımaq üçün yaxşı oxumaqla yanaşı, şagirdlər bölgələrimizi öz gözləri ilə görməlidirlər. Bu cür tədbirlərin mütəmadi keçirilməsi gənc nəslin daha savadlı, vətənpərvər, zəngin biliyə malik olması üçün çox əhəmiyyətlidir.

Ekoloji Tərbiyə Təcrübəçilik Mərkəzinin direktoru Emiliya Səfərəliyeva məlumat verdi ki, tur-aksiyada şagirdlərlə bərabər, təhsil müəssisələrinin 2 nümayəndəsi və həkim də iştirak edir. Məktəblilər tur-aksiyanın gedişi ilə bağlı tam təlimatlandırılıb. Olacağımız yerlərdə şagirdlərin istirahəti üçün hər cür şərait yaradılıb. Gəncə ilə yanaşı, Şəmkir və Göygölə də ekskursiyalar planlaşdırılır. Yolüstü Hacıqabul və Yevlax rayonlarında da olacağıq. Ən maraqlısı odur ki, şagirdlər dərsliklərdən oxuduqları və ya eşitdikləri tarixi yerləri artıq canlı görəcəklər. Əminəm ki, bu tur-aksiya məktəblilərin tarixi biliklərinin artmasında, dünyagörüşlərinin zənginləşməsində mühüm rol oynayacaq.

Tur-aksiyanın iştirakçısı, IX sinif şagirdi İlham Quliyev dedi: "İlk dəfədir Gəncəyə yola düşürəm. Oxuduqlarımdan, eşitdiklərimdən bilirəm ki, Gəncə çox gözəl şəhərdir. Burada gəzməli, görməli yerlər çoxdur. Bu tur-aksiya dünyagörüşümüzü artırmaqla yanaşı, həm də müxtəlif məktəblərdə təhsil alan şagirdlərlə dost olmaq imkanı yaradacaq".

Sevinclərini gizlədə bilməyən valideynlər ekskursiyanın təşkilinə və məktəblilər üçün yaradılmış bu gözəl şəraitə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər və bu cür tur-aksiyaların tezliklə Qarabağa təşkil olunmasını arzuladılar.

İştirakçılar alqışlar və musiqi sədaları altında onlar üçün ayrılmış avtobusla Gəncə istiqamətində yola düşdülər.

Tur-aksiya avqustun 19-da başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə