İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi (İKGF ARM) "Milli Tolerantlıq Mərkəzi" layihəsi çərçivəsində "Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan. Müasir çağırışlar və tolerantlıq" mövzusunda silsilə seminar-treninqlərə başlayır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə bütün ölkə üzrə keçiriləcək seminar-treninqlər Azərbaycanın dini tolerantlıq ənənələrini təbliğ edir.
Belə seminar-treninqlərdən birincisi avqustun 15-də Quba şəhərində Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarındakı müsəlman, eləcə də digər dinləri təmsil edən icma rəhbərlərinin və fəallarının iştirakı ilə keçirildi.
Tədbirdə çıxış edən İKGF ARM-nin direktoru Elçin Əsgərov tolerantlıq anlayışı haqqında geniş məlumat verdi. Qeyd etdi ki, Azərbaycanda müsəlmanlarla yanaşı, digər dinlərin nümayəndələri də mehriban şəraitdə yaşayır. Ölkəmizdəki dinlərarası münasibətlər digər dövlətlərə əsl nümunədir.
DQİDK-nın nümayəndəsi Əliheydər Zülfüqarov isə bildirdi ki, düzgün dini maarifləndirmə işlərinin aparılması mühüm əhəmiyyət kəsb edir. Cəmiyyətdə istənilən dini dünyagörüşünə hörmətlə yanaşılmalıdır. Lakin kimsə antihumanist hərəkət edərsə, ona qarşı hamı qaydalar çərçivəsində mübarizə aparmalıdır.
Bildirildi ki, regional silsilə treninqlərin avqust-sentyabr ayları ərzində Şamaxı, Göyçay, Oğuz, Zaqatala, Cəlilabad rayonlarında, həmçinin Bakı, Sumqayıt və Gəncə şəhərlərində həyata keçirilməsi nəzərdə tutulub. Bundan əlavə, ilin sonunadək "Milli Tolerantlıq Mərkəzi" layihəsi çərçivəsində konfransın, ölkəmizdəki müxtəlif dinlərə məxsus dini icmalarının tərəfdaşlığı ilə müştərək tədbirlərin keçirilməsi planlaşdırılır. Layihə çərçivəsində xarici mütəxəssislər tərəfindən Azərbaycanın milli tolerantlıq ənənələrini araşdırmaq məqsədilə aparılan tədqiqat işlərinin tamamlanması və təqdimatı da nəzərdə tutulur.
Daha sonra tədbirdə ilahiyyatçı ekspertlərin milli-mənəvi dəyərlərimizin düzgün təbliği, ənənəvi dindarlıq anlayışının və Azərbaycan tolerantlıq modelinin mahiyyəti, müasir dünyada dini dözümlülüyün əhəmiyyəti, dövlətçilik və vətənpərvərlik məfhumlarının dini təməlləri və başqa mövzularda məruzələri dinlənilib.
Tədbirin yekununda dini icma nümayəndələri ilə radikal dini düşüncənin qlobal fəsadları, dini zəmində parçalanma, məzhəb ayrı-seçkiliyi probleminin səbəbləri və aradan qaldırılması mövzusunda müzakirələr aparılıb.
Seminar-treninqin gedişində "Azərbaycan - tolerantlıq məkanı" adlı videoçarx nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB