Avqustun 12-də dünyasını dəyişmiş məşhur azərbaycanlı cərrah Cavad Heyətlə vida mərasimi bu gün Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında təşkil olunub. SİA-nın xəbərinə görə, vida mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun və digər dövlət rəsmiləri də iştirak edir.
Vida mərasimi boyunca mərhumun sağlığında onun haqqında çəkilən reportaj nümayiş olunub.
Mərasimdə çıxış edənlər mərhumun həyatından, eləcə də gördüyü işlərdən bəhs ediblər.
Vida mərasimində iştirak edən mərhumun bacısı oğlu, eyni zamanda sirdaşı Ağabəy Azərbaycani Cavad Heyət haqqında xatirələrini bölüşüb: "Dayım haqqında o qədər xatirələrim var ki, onları danışmaqla bitməz. Qısa şəkildə deyə bilərəm ki, Cavad Heyət fövqəladə insan olub. Eyni zamanda o, mənim üçün nümunəvi bir şəxsiyyət olub. Bütün həyatını elmə və insanlığa həsr edib. Bundan başqa, dayım öz doğma yurduna sadiq qalaraq başqa bir yerə getmədi. Cavad Heyət nə qədər peşəkar kadr olsa da, 55 il bundan qabaq Fransada qalmadı. Buna səbəb isə öyrəndiyi bilikləri İranda tətbiq etmək idi. O vaxtdan etibarən dayımla birgə çalışmışıq. 60 il bundan əvvəl ondan cərrahiyyənin bütün sirlərini öyrənmişəm. Bu günə qədər o mənim həm ustadım olub, həm də bəzi fikirlərdə bərabər çıxış yolu tapmışıq. 21 yaşında olanda onunla ilk dəfə ürək əməliyyatında iştirak etmişəm. Onun iştirakı ilə ilk dəfə ürək, böyrək nəqli həyata keçirilib. İstər fəlsəfə, istərsə də dilimizin inkişafı baxımından müəllifi olduğu kitabların sayı hesabı yoxdur. Allah onun ruhunu şad etsin!".
Qeyd edək ki, C.Heyət vəsiyyətində Bakıda torpağa tapşırılmasını istədiyini bildirmişdi. Bununla yanaşı, onun Təbrizdəki "Şairlər məqbərəsi"ndə- ustad şair Şəhriyarın yanında dəfnolunma ehtimalı da vardı. Sonda birinci variantın üzərində dayanıldı. Məlumata görə, rəsmi Bakının İranın Azərbaycandakı səfirliyilə apardığı müzakirələrdən sonra mərhumun Fəxri Xiyabanda dəfni razılaşdırılıb. Mərhumun cənazəsi saat 17:00-da qaldırılacaq. Doktor Cavad Heyət Bakıda – II Fəxri Xiyabanda dəfn ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB