Şəmkir və Gədəbəy məktəbliləri Qusarda

Şəmkir və Gədəbəy məktəbliləri Qusarda

"Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyası çərçivəsində respublikanın şimal bölgəsinə gələn Şəmkir və Gədəbəy məktəblilərindən ibarət qrupların avqustun 14-də Qusar rayonunun görməli yerləri ilə tanışlığı başladı. Tur-aksiyanın iştirakçıları günün birinci yarısında Qusar rayonunundakı "Şahdağ" Qış-Yay Turizm Kompleksində oldular.

Məktəblilər kompleksdə yay istirahəti üçün nəzərdə tutulan xidmətlərindən yararlandılar. Kanat yolları ilə səyahət və dağ gəzintisi onların daha çox xoşuna gəldi.

Tur-aksiyanın iştirakçılarına turizm kompleksində yaradılan şərait, buradakı istirahət və əyləncə növləri haqqında ətraflı məlumat verildi. Bildirildi ki, Azərbaycan tarixində ilk dağ-xizək kurortu olan "Şahdağ" Qış-Yay Turizm Kompleksinin təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Bu kompleksin tikintisi ölkəmizdə dağ xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaratmaqla yanaşı, respublikamıza xarici turistlərin marağını artırır.

Nahar fasiləsindən sonra tur-aksiyanın iştirakçıları Qusar Tarix-Diyarşünaslıq Muzeyi, rəsm qalereyası ilə yaxından tanış oldular.

Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində qonaqlar Ulu Öndərin zəngin irsi və fəaliyyətini əks etdirən fotoşəkillərə böyük maraqla baxdılar. Tur-aksiyanın iştirakçılarına ümummilli lider Heydər Əliyevin Azərbaycanın dinamik inkişafı, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi, eləcə də xalqımızın daim firavan yaşaması üçün gördüyü əvəzsiz işlər haqqında geniş məlumat verildi.

Məktəblilər yüksək ərazidə yerləşən Bayraq Meydanından Qusar şəhərini seyr etdikdən sonra Həzrə kəndindəki "Şeyx Cüneyd" türbəsi ilə yaxından tanış oldular. Tur-aksiya iştirakçılarının diqqətinə çatdırıldı ki, bu türbə XVI əsrdə Azərbaycanda tikilən və Səfəvilərin yadigarı olan abidələrdən biridir. Şeyx Cüneyd Şah İsmayıl Xətainin babası olub. O, XV əsrdə Şirvana etdiyi hərbi yürüş zamanı Şirvanşahlar tərəfindən öldürülüb və Həzrə kəndində dəfn edilib. Məzar üzərində türbə 1544-cü ildə tikilib.

Məktəblilərin tarixi abidə haqqında informasiyalara diqqətlə qulaq asdılar və bələdçilərə öyrənmək istədikləri məlumatlar barədə suallar verdilər.

Şəmkir və Gədəbəy məktəblilərindən ibarət qruplar avqustun 15-də Quba rayonun görməli yerlərinə səfər edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə