Gənclərin alternativsiz seçimi Yeni Azərbaycan Partiyasıdır

Gənclərin alternativsiz seçimi Yeni Azərbaycan Partiyasıdır

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının Q.Qarayev 65a ünvanında yerləşən ərazi ilk partiya təşkilatının iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda çıxış edən ərazi ilk partiya təşkilatının sədri, Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova deyib ki, 600 mindən artıq insanı öz sıralarında birləşdirən YAP uğurlu fəaliyyəti ilə yarandığı gündən xalqın partiyasına çevrilib, ötən müddət ərzində ölkədə keçirilən seçkilərdə qələbələri ilə bu həmrəyliyi bir daha nümayiş etdirib: "9 oktyabr prezident seçkiləri bunun təsdiqidir. Sözlə əməl birliyi, partiya üzvlərinin Heydər Əliyev ideyalarına sədaqəti YAP-ın nüfuzunu daha da artırıb, ümumilikdə bölgənin aparıcı təşkilatı kimi mövqeyini möhkəmləndirib".

Çıxış edən YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov bildirib ki, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası ölkəmizin daim qüdrətlənməsinə, insanların sosial rifah halının yaxşılaşdırılmasına çalışıb. Bu, partiyanın siyasətində dövlətə, xalqa xidmətin öndə dayandığının təsdiqidir.

İclasda vurğulanıb ki, Yeni Azərbaycan Partiyası gənclər üçün dialoq və inkişaf platforması təqdim edir. Partiyanın reallaşdırdığı layihələrlə cəmiyyətimizin avanqard qüvvəsi olan gənclər kreativ və intellektual bacarıqlarını aşkara çıxarır, onu reallaşdırır və özünü sübut edir. Ona görə də, ölkəmizin alternativsiz siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası uğurlu fəaliyyəti ilə gənclərin güclü dəstəyini qazanıb və gənclərin yeganə seçiminə çevrilib. Gənclər Yeni Azərbaycan Partiyası tərəfindən atılan addımları həmişə yüksək qiymətləndirib və sözügedən aksiyalarda böyük fəallıq nümayiş etdiriblər.

İclasın sonunda 10-dan artıq gənc partiyaya üzv qəbul olunmaq üçün müraciət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə