Tələbələrimiz bp-də təcrübə keçəcəklər

Tələbələrimiz bp-də təcrübə keçəcəklər

Dövlət Neft Şirkəti (ARDNŞ) xaricdə təhsil alan azərbaycanlı tələbələrin beynəlxalq neft şirkətlərində təcrübə keçməsinə dəstək verir. SİA-nın ARDNŞ-a istinadən verdiyi xəbərə görə, avqustun 11-də Türkiyədə təhsil alan azərbaycanlı tələbələr Fuad Rəhimov və Sabina Abdurahim bp şirkətinin Sanberi ofisində iş təcrübəsinə başlayıblar.

Proqram Türkiyədə fəaliyyət göstərən AzeDer Azərbaycan təhsil, mədəniyyət və yardımlaşma dərnəyi və ARDNŞ-nin Böyük Britaniyadakı nümayəndəliyi tərəfindən təşkil olunub.

bp şirkətinin Sanberi ofisində bu məqsədlə görüş keçirilib. Görüşdə bp-nin quyuların layihələndirilməsi və inşası üzrə meneceri Greg Rheaume, insan resursları üzrə məsləhətçisi Rahul Williams, ARDNŞ-nin Böyük Britaniyadakı numayəndəliyinin rəhbəri Rufət Əfəndiyev və təcrübəçi tələbələr iştirak ediblər.

Bildirilib ki, tələbələr "Şahdəniz-2" layihəsi çərçivəsində işləyəcək, bp-nin ən qabaqcıl texnika və texnologiyaları ilə tanış olacaqlar. Təcrübə sentyabrın 15-ə qədər davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə