Azərbaycanın regionları ilə tanışlıq hər kəsin ürəyincədir

Azərbaycanın regionları ilə tanışlıq hər kəsin ürəyincədir

Avqustun 13-də Saatlı Rayon İcra Hakimiyyətinin qarşısında böyük izdiham vardı. Rayonun rəhbər işçiləri, müəllimlər və valideynlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilən "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyasının iştirakçılarını İsmayıllı-Qəbələ-Şəki istiqamətində yola salırdılar. Tur-aksiyada iştirak edən 40 şagird və 5 nəfərdən ibarət müəllim heyəti dörd gün ərzində İsmayıllı, Qəbələ və Şəki rayonlarının tarix və mədəniyyət abidələri, digər görməli yerləri ilə yaxından tanış olacaqlar.

Qrupun rəhbəri, rayon təhsil şöbəsinin məsul işçisi Ülkər İslamova dedi: "Bu tur-aksiya məktəblilərin asudə vaxtlarının səmərəli keçirilməsində və dünyagörüşünün formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın regionlarının görməli yerləri ilə tanışlıq hamımızın ürəyincədir".

Rayonun Əlisoltanlı kənd tam orta məktəbinin X sinif şagirdi Lalə Nəzirova sevincini bu sözlərlə ifadə etdi: "İlk dəfədir ki, belə turda iştirak edirəm. Sevincim hədsizdir. Qədim Şəkini, Qəbələ və İsmayıllı rayonlarını görmək, həmin bölgənin tarix və mədəniyyət abidələri, görməli yerləri ilə tanış olmaq çoxdankı arzum idi".

Tur-aksiyanın digər iştirakçıları da səfərin təşkilindən razılıqlarını ifadə etdilər.

Bir azdan tur-aksiyanın iştirakçılarının əyləşdikləri avtobus İsmayıllı-Qəbələ-Şəki istiqamətində yola düşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə