Əmrəli Lahrudinin 90 illik yubileyi qeyd olunub

Əmrəli Lahrudinin 90 illik yubileyi qeyd olunub

Bu gün Azərbaycan Demokrat Firqəsinin (ADF) sədri, Cənubi Azərbaycan Milli Azadlıq hərəkatının liderlərindən biri Əmrəli Əhmədoğlu Lahrudinin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar mərasim keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə yubilyar başda olmaqla, Mətbuat Şurasının icraçı direktoru Rəhim Hüseynzadə, tarixçi alim Solmaz Qaşqay, Dədə Qorqud Fondunun prezidenti Eldar İsmayılov və digər rəsmilər iştirak edib.

İlk olaraq çıxış edən Mətbuat Şurasının icraçı direktoru Rəhim Hüseynzadə yubilyarın həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Onun sözlərinə görə, Ə. Lahrudi 1924-cü ildə Meşkin mahalının Lari kəndində anadan olub: "1943-cü ildə Hizi Tudeyi İranın üzvü olub, 1944-cü ildə partiyanın Şərqi Meşkin mahal komitəsinin sədri seçilib. 1945-ci ildə Azərbaycan Demokrat Firqəsinin üzvü və Meşkin mahal komitəsinin sədri olub. 1946-cı ilin oktyabrında Təbrizdə hüquq və siyasi məktəbin tələbəsi olub, Milli Hökumət devrildikdən sonra Sovet Azərbaycanına mühacirət edib, siyasi fəaliyyətini ADF-nin Ağdam və Quba təşkilatında davam etdirib".

O həmçinin əlavə edib ki, Ə. Lahrudin 1960-cı ildə ADF Hizbi Tudeyi İran ilə birləşdikdən sonra partiyanın mərkəzi komitə üzvü və icraiyyə heyətinin müşavir üzvü seçilib: "Lahrudi eyni zamanda "Azərbaycan" jurnalının redaktoru vəzifəsində çalışıb və 1979-cu ildən ADF-nin sədri seçilib və bu günə qədər həmin vəzifədə işləyir".

Daha sonra çıxış edən tarixçi alim Solmaz Qaşqay yubilyarın üzvü olduğu hərəkatın tarixi barədə danışıb.

Tədbirdə həmçinin yubilyara Dədə Qorqud Fondunun təsis etdiyi medal təqdim olunub.

Qeyd edək ki, yubiley mərasimi qonaqların Ə. Lahrudi ilə bağlı xatirələrini bölüşməsi ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə