Ölkəmizdə gənclərin öz potensiallarını reallaşdırması üçün hər cür şərait yaradılıb
Gənclər mövzusu hər bir ölkədə çox həssas qarşılanır və xüsusi diqqət cəlb edir. Gənclik aşıb–coşan enerji deməkdir. Bu enerji səhv və ya düzgün istiqamətə yönələ bilər. Hər bir dövlət çalışır ki, gənclər öz enerjisini və qüvvəsini ölkənin inkişafına sərf etsin.
Beynəlxalq Gənclər Günü ilə əlaqədar Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Şəmsi Gülverdi müsahibəsində bildirib ki, ölkəmiz də müstəqillik qazandığı ilk gündən gənclərlə işə xüsusi diqqət yetirir. 1994-cü ildə ümummilli lider Heydər Əliyevin Gənclər və İdman Nazirliyinin yaradılması barədə imzaladığı Sərəncamla müstəqil Azərbaycanda bu gün də uğurla davam etdirilən gənclər siyasətinin əsası qoyulub.
Bu siyasət elm, təhsil, idman, asudə vaxt, yaradıcılıq, fərdi inkişaf, mənəvi tərbiyə və digər sahələri əhatə edir. Məhz Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu və düşünülmüş siyasətinin nəticəsidir ki, bu sahələrin hər birinin ahəngdar inkişafı təmin olunur. Gənc nəslin nümayəndələri mühüm dövlət vəzifələrinə irəli çəkilir, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edirlər.
Ölkəmizdə gənclərlə bağlı iki Dövlət Proqramı qəbul edilib. Bundan əlavə, tələbələrin xaricdə təhsil alması ilə bağlı xüsusi Dövlət Proqramının qəbul olunması gələcəkdə Azərbaycana xidmət edəcək yüksək potensiallı və bilikli kadrlar hazırlamaq məqsədi daşıyır. Azərbaycan dövləti gələcəyinə kapital qoyur. Prezident İlham Əliyevin dediyi kimi, neft kapitalı insan kapitalına çevrilir.
Dövlətin gənclər siyasətinin prioritet istiqamətlərindən biri də yaradıcı gənclərlə işdir. Onların öz potensiallarının reallaşdırılması üçün hər cür şərait yaradılıb. Təsadüfi deyildir ki, bir çox dünya səviyyəli yarışlarda, olimpiadalarda Azərbaycan gəncləri ölkəmizi layiqincə təmsil edirlər. Buna "Eurovision" mahnı yarışmasını, "Univiziya" beynəlxalq tələbə mahnı müsabiqəsini, beynəlxalq rəsm sərgilərini, teatr festivallarını, intellektual oyunları misal göstərmək olar.
Azərbaycan idman və olimpiya ölkəsi kimi tanınır. Beynəlxalq arenada qazandığımız qələbələrdə gənclərin xüsusi xidmətləri var. Ölkəmizdə idmanın inkişafı üçün hər cür şərait yaradılıb. Demək olar, bütün regionlarda müasir idman meydançaları, olimpiya idman kompleksləri fəaliyyət göstərir. İdmanın ayrı-ayrı növləri üzrə mərkəzlər, xüsusi idman cəmiyyətləri, klublar yaradılıb.
Qarşıda ölkəmizi mötəbər idman yarışları gözləyir. Bakı 2015-ci ildə birinci Avropa Oyunlarına, 2016-cı ildə Şahmat Olimpiadasına, 2017-ci ildə isə İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək.
Gəncə şəhəri 2016-cı il üçün Avropanın gənclər paytaxtı seçilib. Bu, dünya ölkələri arasında Azərbaycan gəncliyinin tutduğu yüksək mövqedən xəbər verir. Eyni zamanda, Avropanın mədəni mərkəzlərində təşkil olunan gənclər forum, konfrans və seminarları, aksiya və yürüşlər, beynəlxalq təhsil və gənclər mübadiləsi proqramları Azərbaycanın dünya miqyasında tanıdılmasında mühüm rol oynayır, diaspor fəaliyyətinin genişləndirilməsinə yol açır.
Tələbə-gənclərin elmi-mədəni fəaliyyətinin dəstəklənməsi və sosial müdafiəsi məsələsinin sonuncu dövlət proqramına ayrıca bənd kimi daxil olunması biz gəncləri sevindirməyə bilməz. Ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən tələbə gənclər təşkilatlarının proqram və layihələrinin dəstəklənməsi, tələbələrin "Azərbaycan tələbə kartı" vasitəsilə Avropanın analoji güzəştlər şəbəkəsinə qoşulması, tələbə təqaüdlərinin artırılması, yataqxana sisteminin təkmilləşdirilməsi dövlətimizin təhsilə, tələbələrə diqqət və qayğısının əyani təzahürüdür.
Bu gün Azərbaycan gəncliyini narahat edən əsas məsələ torpaqlarımızın hələ də işğal altında qalmasıdır. Biz gənclər Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə problemin həllinə öz töhfəmizi verməyə, işğal altındakı ərazilərimizi bütün vasitələrlə azad etməyə hazırıq.
Hər bir gənc öz Vətəni ilə fəxr edir, Azərbaycan Respublikasının vətəndaşı olmaqdan qürur duyur. Bizə bu hissləri yaşatdığı üçün Prezident İlham Əliyevə minnətdarıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB