Naxçıvan FHN payız-qış mövsümünə hazırlığı davam etdirir

Naxçıvan FHN payız-qış mövsümünə hazırlığı davam etdirir

Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyində 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlığın gedişi ilə əlaqədar müşavirə keçirildi. Tədbiri Naxçıvan MR fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıqla bağlı keçirilən müşavirədə nazirliyin də qarşısında konkret tapşırıqlar qoyulduğunu diqqətə çatdırdı.

Bildirildi ki, hər il olduğu kimi, bu il də nazirlik və onun struktur qurumları tərəfindən payız-qış mövsümünə hazırlıq işləri aparılıb. Şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, avtomobil və xüsusi nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılması diqqət mərkəzində saxlanılıb. Nazirliyin cari ehtiyatında zəruri mal-material və əşya-əmlak ehtiyatı yaradılıb.

Qeyd olundu ki, ötən müddət ərzində Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin şəhər və rayon şöbələrinin inzibati binalarında və texniki qarajlarında, mülki müdafiə alayının avtomobil parkında, əsgər yeməkxanası və yataqxanasında, qərargah binasında və digər qeyri-yaşayış sahələrində Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin, eləcə də nazirliyin inzibati binasında cari təmir işləri aparılıb. Mülki müdafiə alayının içməli və texniki su ilə təminatı diqqət mərkəzində saxlanılıb, yeni hidrofor sistemli su xətləri çəkilib, 3 aylıq ərzaq ehtiyatı, yanacaq-sürtgü materialları və əşya xidmətləri üzrə zəruri ehtiyatlar yaradılıb. Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin 3 ədəd "Zil" markalı və Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin 1 ədəd "KamAZ" markalı yanğın avtomobili və əməliyyat minik avtomobili təmir edilib.

Diqqətə çatdırıldı ki, bütün bunlardan əlavə, elektrik qurğularından səmərəli istifadə, qurğuların qaydalara uyğun quraşdırılması, qışda havaların soyuması ilə əlaqədar elektrik enerjisinə olan tələbatın artması və müvafiq olaraq transformatorların və naqillərin qızmasının qarşısının alınması ilə bağlı maarifləndirici tədbir keçirilib. Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsində, Naxçıvan Beynəlxalq Hava Limanında və muxtar respublikada fəaliyyət göstərən 21 yanacaqdoldurma məntəqəsində çənlərə baxış keçirilib. Eyni zamanda Naxçıvan şəhərində inzibati və ictimai yaşayış binalarında olan liftlərin texniki təhlükəsizliyi yoxlanılıb.

Müşavirədə nazirliyin struktur rəhbərləri çıxış edərək payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə danışdılar.

Bütün xəbərlər Facebook səhifəmizdə