DSX müsabiqə qaliblərini mükafatlandırdı

DSX müsabiqə qaliblərini mükafatlandırdı

Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 95-ci ildönümü münasibətilə Dövlət Sərhəd Xidməti tərəfindən elan olunan yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi olub. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən DSX rəisinin şəxsi heyət üzrə müavini general-mayor Azad Ələkbərov bildirib ki, DSX-nin çoxsahəli fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsi, Vətənə, onun sərhədlərinə məhəbbət hissinin gücləndirilməsi prioritet sahələrdəndir.

A.Ələkbərov qeyd edib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında müxtəlif yaradıcılıq müsabiqələrinin təşkili xüsusi yer tutur: "Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 95-ci ildönümü münasibətilə bədii ədəbiyyat, təsviri sənət, televiziya verilişi, qəzet məqaləsi və inşa yazısı üzrə elan olunan müsabiqədə peşəkar və həvəskar rəssamlar, şairlər, yazıçılar, jurnalistlər, tələbələr, sərhədçi əsgərlər, zabit və gizirlər, onların ailə üzvləri və sərhədyanı rayonların ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər. Təqdim edilmiş əsərlərin ən yaxşıları münsiflər heyəti tərəfindən seçilib və mükafatlara layiq görülüb".

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq Şairi Fikrət Qoca, Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə və digərləri qalibləri təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıblar.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin inkişafı, dövlət sərhədlərinin qorunması zamanı nümayiş etdirilən fədakarlığın tərənnüm edilməsi üçün bu cür müsabiqələrin xüsusi əhəmiyyəti, sərhədçi peşəsinə olan rəğbət və marağın artmasına xidmət etməsi, gənclərdə Vətənin sərhədlərinə böyük məhəbbət hissini aşılamaları qeyd olunub.

Sonra qaliblərə mükafatlar və diplomlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə