Qəbələnin tarixi yerlərinə ekskursiya etməkdən zövq aldıq

Qəbələnin tarixi yerlərinə ekskursiya etməkdən zövq aldıq

Ölkəmizin hər bir guşəsini tanımaq istəyirəm. Bizim üçün təşkil edilən bu tur-aksiya müddətində müxtəlif məkanlarla tanışlıqla yanaşı, həm də yeni dostlar qazandığım üçün çox sevinirəm. Bu sözləri "Ölkəmizi tanıyaq" devizi ilə Hacıqabul-İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə keçirilən tur-aksiyanın iştirakçısı, Hacıqabul şəhərindəki 1 nömrəli orta məktəbin X sinif şagirdi Fikrət Teymurov bildirib.

Onun qənaətinə görə, bu aksiyanın daha bir özəlliyi ondan ibarətdir ki, eyni vaxtda Hacıqabul və Qobustan rayonlarından olan məktəblilər bu aksiya zamanı bir-biri ilə ünsiyyət qurmaq imkanı əldə edirlər. Hacıqabul məktəblisi daha sonra deyib: "Mən rayonumuzun ümumtəhsil məktəblərinin IX-XI siniflərinin şagirdlərindən ibarət 40 nəfərlik qrupun tərkibində olduğuma görə özümü xoşbəxt sayıram. Bu aksiya mənim üçün yaxşı bir şans oldu. Mən Qəbələyə ilk dəfədir səfər edirəm. Qəbələnin tarixi yerlərini bu gün bir-bir gəzir, onları əyani şəkildə görməkdən zövq alırıq. Qəbələnin bu qədər heyrətamiz gözəlliyə malik olduğuna inanmırdım. Tarixi abidələr, turizm obyektləri məndə xoş təəssürat oyatdı. Burada gördüklərim barədə Hacıqabula qayıtdıqdan sonra sinif yoldaşlarıma, qohumlarıma da məlumat verəcəyəm".

Məktəbli qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən bu aksiya regionlarımızı daha yaxşı tanımaq üçün gözəl fürsətdir. O, təmsil etdiyi qrupun üzvləri adından onlara bu imkanı yaratdığına görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə