Gəncədə dövlət himayəsində yaşayan tənha ahıllar pulsuz tibbi müayinədən keçiriliblər FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Gəncə şəhərində yerləşən Pensiyaçıların Ərazi Sosial Xidməti Mərkəzində dövlət himayəsində yaşayan ahıllar pulsuz tibbi müayinədən keçiriliblər. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, YAP Gəncə şəhər təşkilatının təşəbbüsü ilə təşkil olunan müayinə mərkəzdə yaşayan insanların göz xəstəliklərinin olub-olmadığının müəyyən olunması və müvafiq tibbi-profilaktik yardımın təşkil edilməsi məqsədini daşıyıb.
Gəncə şəhər səhiyyə idarəsinin həkimləri tərəfindən mərkəzin 104 nəfər sakininin hər biri ətraflı müayinə edilib və onlara tibbi məsləhət xidməti göstərilib, tibbi maarifləndirmə işi aparılıb. Ayrı-ayrı şəxslərə yerindəcə tibbi yardım edilib. Bununla yanaşı, müayinə nəticəsində gözlərində xəstəliklər aşkar olunan 2 nəfərin sistemli şəkildə müvafiq müalicə prosedurlarına cəlb olunması qərara alınıb.
Tənha ahıl insanlar Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət himayəsində yaşayan insanların hərtərəfli qayğı ilə təmin olunmasından razılıqlarını ifadə edib, onların sağlamlığının mühafizəsinə göstərilən diqqət və qayğıya görə dövlətimizin rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB