Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) Beynəlxalq Müşahidəçilər Missiyası 10 avqust 2014-cü il tarixində Türkiyə Respublikasında ölkə vətəndaşları tərəfindən birbaşa ümummilli səsvermə yolu ilə ilk dəfə keçiriləcək prezident seçkilərinin qısa müddətli monitorinqini həyata keçirmək üçün Türkiyədə səfərdədirlər. Qurumdan SİA-ya verilən xəbər görə, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Nizami Cəfərovun rəhbərlik etdiyi TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyası səfər zamanı Yüksək Seçki Şurasının sədri cənab Sadi Güven, Konstitusiya Məhkəməsinin sədri cənab Haşim Kılıç, Türkiyə Böyük Millət Məclisinin üzvü, TÜRKPA Hüquq Məsələləri və Beynəlxalq Əməkdaşlıq Komissiyasının sədri cənab Haluk İpek və Türkiyə Parlamentindən olan digər TÜRKPA üzvləri, eyni zamanda Xarici İşlər Nazirinin müavini cənab Naci Koru və digər yüksək vəzifəli şəxslərlə görüşlər keçirib. Görüşlər zamanı müşahidəçilər prezident seçkilərinə hazırlıqla bağlı görülən tədbirlər və beynəlxalq səviyyədə tanınmış seçki standartlarının təmin edilməsi haqqında ətraflı məlumatlandırılıb.
Türkiyə rəsmiləri ümummilli prezident seçkilərinin ilk dəfə olaraq təşkil olunduğunu və buna görə hökumət tərəfindən bütün vətəndaşlara öz səsvermə hüququndan istifadənin təmin edilməsi üçün zəruri addımların atıldığını bildiriblər.
Qeyd edək ki, 2014-cü ilin 31 iyul və 3 avqust tarixləri arasında xaricdə yaşayan Türkiyə vətəndaşları ölkənin diplomatik missiyalarında və ya Türkiyə hökuməti tərəfindən icarəyə götürülən məntəqələrdə səs veriblər.
Məlumat üçün bildirək ki, xaricdə qeydiyyatdan keçən seçicilər də daxil olmaqla, ümumi seçicilərin sayı 53 milyon nəfərdir. Seçkilərin ilk turunda qalib olmadığı təqdirdə, ikinci tur 26 avqust 2014-cü il tarixində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB