Əmlak Məsələləri Dövlət Komitəsi Xaçmazda “Açıq qapı” günü keçirdi
Avqustun 8-də Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsində vətəndaşlar, maraqlı tərəflər və mətbuat nümayəndələri üçün "Açıq qapı" günü-vətəndaş forumu və hüquqi maarifləndirmə tədbiri keçirilib.
Komitə tərəfindən "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq reallaşdırılan "Açıq qapı" günündə vətəndaşlar ərazi idarəsində qeydiyyat prosesini izləmək və bu işlə yaxından tanış olmaq imkanı əldə ediblər. Tədbirdə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı iş prinsipi, qeydiyyat prosedurları, hüquqi tələblər və zəruri sənədlər, habelə sənədlərin qəbulu və hazırlanması qaydaları iştirakçılara əyani nümayiş olundu və izah edilib.
Bildirilib ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində vətəndaşlara rahat, operativ və şəffaf xidmət üçün yüksək səviyyədə şərait yaradılıb. Bakı şəhərinin rayonları və respublikanın bütün bölgələri üzrə günün tələblərinə cavab verən müasir ərazi qeydiyyat idarələri vətəndaşlara xidmət göstərir. Belə idarələrdə fəaliyyət müasir əsaslarla qurulub və modern idarəetmə sistemi tətbiq edilir. Xidmətlər zamanı növbəliliyin tənzimlənməsi məqsədilə qəbul zallarında elektron növbəlilik aparatı quraşdırılıb. Vətəndaşların qəbulu şöbələri müasir avadanlıq və zəruri vasitələrlə təchiz olunub. Qəbul şöbələrində daşınmaz əmlakın qeydiyyatı ilə bağlı informasiya və hüquqi maarifləndirmə guşələri yaradılıb. Əsas hədəf isə daşınmaz əmlakın qeydiyyatında vətəndaşlara keyfiyyətli, şəffaf və rahat xidmətlərin göstərilməsi ilə sosial məmnunluğu artırmaqdır.
Tədbirdə dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron və onlayn xidmətlər barədə ətraflı məlumat verilib. Vurğulanıb ki, səhmdar cəmiyyətlərin səhmlərinin, kiçik dövlət müəssisə və obyektlərinin, yarımçıq tikililərin, dövlət qurumlarının balansında olan nəqliyyat vasitələrinin özəlləşdirilməsinə dair keçirilən hərraclarda iştirak üçün sifarişlərin elektron qaydada qəbulu həyata keçirilir. Dövlət əmlakının qorunub saxlanması, idarə edilməsi və istifadə vəziyyəti ilə bağlı hesabatlar, dövlət əmlakının icarəsi üzrə xidmət haqqı, daşınmaz əmlaka dair çıxarışlar, ipoteka, lizinq əməliyyatlarının qeydiyyatı və ləğvi, daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsinə dair elektron xidmətlər fəaliyyət göstərir. İndiyədək elektron xidmətlər vasitəsilə 77 mindən çox müraciət daxil olub və onların cavablandırılması təmin edilib.
Komitənin mobil ofis xidmətləri barədə də geniş məlumat verilərək diqqətə çatdırılıb ki, mobil ofislər vasitəsilə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər xüsusi sosial təbəqədən olan insanların (əlilliyi olan, ahıl, sağlamlıq imkanları məhdud insanlar, müxtəlif səbəblərdən hərəkət çətinliyi olan vətəndaşlar) ünvanına çatdırılır. İndiyədək Bakı və regionlarda mobil ofislər vasitəsilə 10 minə yaxın vətəndaşa qeydiyyat xidmətlərinin göstərildiyi qeyd olunub.
Eyni zamanda, Xaçmazda daşınmaz əmlakın qeydiyyat və kadastrı sahəsində vətəndaşlar, aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar və digər maraqlı tərəflər üçün hüquqi maarifləndirmə seminarı da keçirilib. Seminar komitənin aparatı və regional idarələrinin, aidiyyəti dövlət qurumları və ictimai təşkilatların, bələdiyyələrin, əmlak bazarı iştirakçıları, notariat orqanlarının nümayəndələrinin iştirakı ilə reallaşıb.
Seminar iştirakçılarının diqqətinə çatdırılıb ki, belə maarifləndirici tədbirlərin məqsədi daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsinə dair qanunvericiliklə bağlı ictimai maariflənmənin təmin olunması, dövlət qurumu və vətəndaşların qarşılıqlı əlaqəsi zamanı meydana çıxan hüquqi məsələlərlə bağlı izahat işlərinin aparılmasıdır.
Bu maarifləndirici tədbirlər Dünya Bankının dəstəyi ilə icra olunan "Daşınmaz əmlakın qeydiyyatı" layihəsi çərçivəsində həyata keçirilir. Bu ilin yanvar ayında ilk dəfə olaraq Lənkəran şəhərində baş tutan hüquqi maarifləndirmə tədbirləri indiyədək Mingəçevir, Şirvan şəhərlərində, Şamaxı və Bərdə rayonlarında təşkil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB