QHT rəhbərləri ilə görüşdə nədən danışılıb?

QHT rəhbərləri ilə görüşdə nədən danışılıb?

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ölkədə fəaliyyət göstərən bir sıra QHT rəhbərlərinin müraciətini nəzərə alaraq onlarla görüş keçirib. Şuradan SİA-ya verilən xəbərə görə, görüşdə QHT qanunvericiliyinə edilən son dəyişikliklərdən sonra qrant müqavilələrinin qeydiyyatı, bu haqda QHT-lərə verilən bildirişlər, təşkilatların bank hesablarına vəsaitlərin köçürülməsi və çıxarılması, eləcə də QHT gündəmi üçün aktuallıq kəsb edən digər məsələlərlə bağlı geniş müzakirələr olub.

Şura sədri Prezident İlham Əliyevin vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi ilə bağlı son illər həyata keçirdiyi tədbirlərin böyük ictimai səmərə verdiyini qeyd edib. O, dövlətin QHT sektoru ilə bağlı siyasətinin tam şəffaf və açıq olduğunu və hər kəsə eyni münasibətin göstərildiyini vurğulayıb.

Şuraya daxil olmuş müraciətlər və onların ümumi məzmunu haqqında Şuranın hüquq və monitorinq komissiyasının sədri Əliməmməd Nuriyev məlumat verib. Qeyd edilib ki, QHT qanunvericiliyinə edilmiş son dəyişikliklərdən sonra qrant müqavilələrinin qeydiyyatı, bu haqda qrant almış təşkilatlara müvafiq bildirişlərin verilməsi və bank hesablarından istifadə məsələlərində bəzi QHT-lər müxtəlif çətinliklərlə üzləşməkdədir. Məsələlərin nizamlanması üçün Şura rəhbərliyi, eləcə də hüquq və monitorinq komissiyası Ədliyyə Nazirliyi, Mərkəzi Bank və digər qurumlarla birlikdə araşdırmalar aparır, QHT-lərin fəaliyyətinin mövcud qanunvericiliyə uyğun şəkildə nizamlanmasına çalışırlar. Şuranın və komitənin birgə səyi nəticəsində bir sıra anlaşılmazlıqlar və problemlər öz həllini tapıb.

Çıxış edən QHT sədrləri Mirvari Qəhrəmanlı, Rəna Səfərəliyeva, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Əvəz Həsənov, Hafiz Həsənov, Samir Əliyev, Razi Nurulla, Vüqar Bayramov, Fuad Həsənov, Səadət Bənənyarlı, Elçin Abdullayev, Mehriban Zeynalova, Şövkət Əlizadə, İlqar Hüseynli, Qalib Toğrul, İlham Səfərov, Sabit Bağırov və başqaları müzakirə edilən məsələlərlə bağlı öz fikir və təkliflərini bildiriblər.

A. Quliyev irəli sürülən təkliflərin bir daha Şura tərəfindən nəzərdən keçiriləcəyini və ümumiləşdirilərək müvafiq qurumlarla müzakirə ediləcəyini diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə