İranlı nazir Dövlət Bayrağı Meydanında və "İçərişəhər"də oldu

İranlı nazir Dövlət Bayrağı Meydanında və "İçərişəhər"də oldu

Azərbaycanda səfərdə olan İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 7-də Dövlət Bayrağı Meydanında və "İçərişəhər"də olublar.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Dövlət Bayrağı Meydanı ilə tanışlıq zamanı, iranlı qonaqlara məlumat verilib ki, Dövlət Bayrağı Meydanı 2007-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı əsasında yaradılıb. Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Diqqətə çatdırılıb ki, ümumi ərazisi 60 hektar olan meydanda bayraq dayağının hündürlüyü 162 metrdir. Dövlət bayrağı dirəyi dünyada ən hündür bayraq dirəklərindən biridir. Qeyd edilib ki, meydanda qurulman Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb.
İran nümayəndə heyəti həmçinin, dövlət başçısının təşəbbüsü ilə meydanda səkkizguşəli ulduz formasında yaradılan Dövlət Bayrağı Muzeyi ilə də tanış olublar.

Daha sonra qonaqlar "İçərişəhər"lə tanış olublar. UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, "İçərişəhər"in tarixi, memarlıq abidələri barədə məlumat qonaqların diqqətinə çatdırılıb.

Qeyd edilib ki, "İçərişəhər" ərazisində yerləşən, müxtəlif əsrlərə aid nadir tarix-memarlıq abidələri dövlət tərəfindən qorunur.

Dövlət Bayrağı Meydanı və "İçərişəhər"lə tanışlıq iranlı qonaqlarda xoş təəssürat yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə