Dunya Miyatoviçin mövqeyi qərəzlidir. FOTOLAR

Media kapitanları bu barədə nə düşünürlər?
Dunya Miyatoviçin mövqeyi qərəzlidir. FOTOLAR

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç bəyanatında hüquq müdafiəçisi Rəsul Cəfərovun həbsini guya Azərbaycanda söz və mətbuat azadlığının pozulması kimi dəyərləndirib. SİA sözügedən məsələ ilə bağlı bir neçə qəzetin baş redaktoruna müraciət edib.

"Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas:

- Dunya Miyatoviç Azərbaycanda gedən proseslərdən xəbərsizdir. Demək olar ki, ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi D.Miyatoviç birtərəfli məlumatlandırılıb. Düşünürəm ki, Azərbaycanla bağlı olan bu bəyanat tam yanlışdır. Çünki həqiqəti əks etdirmir. Ümumiyyətlə, Rəsul Cəfərov tamamilə başqa fakta görə, yəni vergindən yayındığı üçün həbs edilib. Ona görə də, bu məsələnin söz və mətbuat azadlığı ilə bağlanması tamamilə yanlış və səhvdir. D.Miyatoviçin aldığı informasiya mənbələri tamamilə səriştəsiz və qərəzlidir.

"Həftə İçi" qəzetinin baş redaktoru Sevinc Seyidova:

- Ümumiyyətlə, son bir ay ərzində Avropanın müxtəlif institutları və təşkilatlarının nümayəndələri Azərbaycanı insan hüquq və azadlıqlarını məhdudlaşdırmaqda qınayırlar. Lakin, səsləndirilən bu bəyanatların heç bir tutarlı əsası yoxdur. Hər bir demokratik və hüquqi dövlətdə olduğu kimi Azərbaycanda da qanunun aliliyi mütləqdir. Hər bir vətəndaş yaşadığı ölkənin qanunvericiliyinə hörmətlə yanaşmalıdır. Dunya Miyatoviç də ilk dəfə deyil ki, ölkəmizin ünvanına belə fikirlər səsləndirir. Bu, ölkəmizə qarşı aparılan ikili standartlar siyasətinin bariz nümunəsidir. Nə üçünsə o və onun kimilər son günlərdə cəbhə xəttində həlak olan şəhidlərimizin, milyondan artıq qaçqın və məcburi köçkünlərimizin 20 ildən artıqdır ki, Ermənistan tərəfindən pozulmuş hüquqları barədə danışmaq istəmirlər və ya sadəcə susurlar. Ona görə də, ATƏT rəsmisi hansısa bir hadisə ilə bağlı bəyanat verməmişdən əvvəl təfərrüatları, səbəbləri dəqiqliklə araşdırmalı, birtərəfli yanaşma sərgiləyən məqsədli informasiyalara üstünlük verməməlidir.

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli:

- Baş verən bu hadisələrin heç biri media fəaliyyəti ilə bağlı deyil. D.Miyatoviç Azərbaycana tez-tez səfər edən bir şəxsdir. Düşünürəm ki, D.Miyatoviç verdiyi açıqlamalarında kifayət qədər ehtiyatlı olmalıdır. Çünki həyata keçirilən tədbirin heç bir halda həmin şəxsin media fəaliyyəti əlaqəsi yoxdur. Əgər bir insan, bu və ya digər vergi cinayətləri törədibsə və dövlətdən əldə etdiyi vəsaitlərin mənbəyini və mənşəyini gizli saxlayıbsa faktiki olaraq cinayətə yol verib. Bu baxımdan da, bu açıqlamanı Azərbaycana qarşı qərəzli mövqe kimi dəyərləndirirəm. Əgər, D.Miyatoviç kimi media sahəsini ciddi bilən bir şəxsin fikri Azərbaycandan hansısa 3-4 dərəcəli aşağı düşüncə sahiblərinin və öz dövlətinə düşmən kəsilən, hər şeyi qara görən bəzi şəxslərin informasiyası əsasında formalaşıbsa o zaman artıq onun bir media nümayəndəsi olmağına şübhə ilə yanaşıram.

Bütün xəbərlər Facebook səhifəmizdə