Avqustun 6-da Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Şəfa" sanatoriyasının mərasim evində 1992-ci il avqustun 6-da erməni quldurları ilə qeyri-bərabər döyüşlərdə qəhrəmanlıqla həlak olaraq ölməzlik zirvəsinə yüksəlmiş Qubadlı rayonunun 12 şəhidinin xatirəsini anma mərasimi keçirilib.
Rayon icra hakimiyyətindən bildiriblər ki, tədbirdə Milli Məclisin deputatları, rayonun icra strukturlarının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, respublikanın digər dövlət orqanlarının nümayəndələri, ictimaiyyət nümayəndələri və şəhid ailələri iştirak ediblər.
Tədbirdən əvvəl şəhidlərin məzarları ziyarət edilərək üzərinə gül dəstələri qoyulub.
Anma mərasimi açıq elan olunduqdan sonra Azərbaycan dövləti və xalqı uğrunda canından keçmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra şəhidlərin keçdiyi şərəfli ömür yolundan bəhs edən videogörüntü nümayiş olunub.
Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Malik İsaqov diqqətə çatdırıb ki, qubadlılar 5 ilə yaxın erməni işğalçılarına qarşı mərdliklə mübarizə aparıblar. Bu mübarizədə 238 nəfər Qubadlı sakini şəhid olub, 200 nəfərə yaxın ağır yaralanıb, 316 nəfər əlil ömürlük əlil qalıb, 100 nəfərdən çox itkin düşüb. Şəhidlərdən 8 nəfəri Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
M.İsaqov deyib ki, torpaqlarımızın müdafiəsi zamanı rayonumuzun Qaracallı kənd ərazi nümayəndəliyinin sakinləri də fədakarlıq nümayiş etdiriblər. Təkcə bir döyüşdə -1992-ci il avqust ayının 6-da Laçın rayonunun Qızartı və Susuzdağ yüksəklikləri uğrunda gedən döyüşlərdə şəhid olan 12 nəfərdən 9-u bu nümayəndəliyin sakinidir. Həmin şəhidlərin 8-i bir kənddən-Qarağaclı kəndindəndir. Bu döyüşlərdə şəhid olanların 4 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Bildirilib ki, şəhid ailələrinə qayğı həmişə Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Son illər respublikamızda şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir.
Tədbirdə digər çıxış edənlər, o cümlədən şəhidlərin ailə üzvləri belə tədbirlərin təşkili üçün rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər. Onlar Azərbaycan dövlətinin şəhid ailələrinə göstərdiyi qayğıdan razılıqlarını ifadə ediblər.
Sonra tədbir ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB